Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşüb - YENİLƏNİB

   Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşüb -  YENİLƏNİB
  07 May 2025    Oxunub:620
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlığın perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.

Azərbaycan və İraq arasında mövcud tarixi dostluq, qardaşlıq münasibətlərinin, xalqlarımız arasında mədəni və ənənəvi yaxınlığın münasibətlərimizin inkişafında rolundan bəhs olunub. Əməkdaşlığın daha da genişləndirilməsində ali və yüksək səviyyəli təmas və səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin, xüsusilə də Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Azərbaycan–İraq Biznes Şurasının önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə həmçinin çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan dəstəyin davam etdirilməsinin də əhəmiyyəti qeyd olunub.

Humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafından bəhs olunub, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Təqaüdü kimi təşəbbüslərin faydalılığı vurğulanıb.

Bugünkü səfər çərçivəsində həmçinin ADA Universiteti və İraq Respublikasının Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində əlamətdar hadisə olduğu qeyd edilib.

Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, Hindistan-Pakistan gərginliyi, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.

Görüşdə həmçinin gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransı çərçivəsində görüşün yekunlarına dair bəyanatlarla çıxış ediblər.

* * *

12:28

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında geniş tərkibdə görüş keçiriliB.
XİN-dən AzVision.az-a verilən məlumata əsasən, görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirilib, həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar müzakirə edilib.

Daha geniş regional və qlobal hadisələr də nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərinə dair perspektivləri bölüşüb.

Ceyhun Bayramov münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud problemlər barədə də məlumat verib.

* * *

11:32
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında təkbətək görüş başlayıb.
XİN-dən AzVision.az -a verilən məlumata əsasən, görüş Ceyhun Bayramovun İraqa səfəri çərçivəsində baş tutub.

AzVision.az


Teqlər: XİN   İraq   görüş  





Xəbər lenti