Mübariz Əhmədoğlu Nalbandyanın məqsədini açıqladı

Mübariz Əhmədoğlu Nalbandyanın məqsədini açıqladı
  16 May 2013    Oxunub:2845
“Ermənistanın məqsədi Beynəlxalq İctimaiyyəti çaşdırmaqdır.”
Bu gün Avropa Şurası Nazirlər Komitəsindəki AŞNK-nin sədrliyi rəsmən Andorradan Ermənistana keçir. Ermənistan qurumdakı sədrliyi cari ilin noyabrın 13-nə qədər icra edəcək.( Azərbaycan AŞNK-nə sədrliyi 2014-cü ilin may ayında başlayacaq-red.) Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin AŞNK-dəki 6 aylıq sədrliyi ərzində Dağlıq Qarabağ məsələsini gündəliyə salınmayacağını deyib. Bunula yanaşı Ermənistanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun təklif etdiyi 6 əsas prinsipi imzalamağa hazır olduğunu bəyan edib.

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu məsələ ilə bağlı AzVision.az –a danışıb. Edvard Nalbandyanın bəyanatlarına münasibət bildirən politoloq Ermənistan Xarici İşlər nazirinin məcburən belə bir bəyanatla çıxış etdiyini bildirib:

“Sözügedən prinsiplər “Yenilənmiş Madrid Prinsipləri”nin tərkib hissədir. Bu prinsiplər Ermənistanda ziyana işləyəcək kimi qəbul edilir, belə ki, Ermənistan tərəfi hesab edir ki, prinsiplərə əsasən 7 rayonun geri qaytarılması bütövlükdə Dağlıq Qarabağın Azərbaycana qaytarılması deməkdir.

Edvard Nalbandyan “yenilənmiş Madrid prinsipi”ni müdafiə etməklə və Minsk Qrupunun təklif etdiyi 6 prinsipi imzalamağa hazır olduğunu bəyan etməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.

Məlumat üçün qeyd edək ki, Yenilənmiş Madrid Prinsipləri ilk növbədə Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılmasını (“Beş rayon dərhal, iki rayon - Kəlbəcər və Laçın müəyyən müddətdən sonra), azərbaycanlıların Dağlıq Qarabağa geri qaytarılması və təhlükəsizlklərinin təmin edilməsini, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi status verilməsi və regionda sülhməramlı müşahidəçilər yerləşdirilməsini nəzərdə tutur.

Politoloqun sözlərinə görə, Ermənistan xarici işlər naziri gözdən pərdə asan bəyanatlar verməklə həm də Azərbaycanı qıcıqlandırmaq məqsədi güdür:

“Nalbandyanın istəyi budur ki, rəsmi Bakı sözügedən sənədi imzalamasın və Minsk qrupunun təklifini rədd edənin Ermənistan deyil, Azərbaycan olduğunu sübut etsin . Bununla Nalbandyan ölkəsini Avropa İttifaqı qarşısında haqlı kimi göstərməyə, özünü təmizə çıxarmağa çalışır. Çünki Ermənistanın Aİ-dən maliyyə umacağı var”.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistana Dağlıq Qarabağ məsələsinin həllinin tənzimlənməsində irəliləyişlər əldə edəcəyi və yenilənmiş Madrid prinsiplərini imzalayacağı təqdirdə bu ölkəyə 1.5 milyard avroya yaxın maliyyə yardımı ayırmağı vəd edib.

O ki, qaldı Edvard Nalbandyanın Dağlıq Qarabağ məsələsinin ölkəsinin AŞNK-dəki 6 aylıq sədrliyi ərzində gündəliyə salınmaması məsələsinə, politoloq bildirdi ki, komitənin gündəliyi qabaqcadan səlahiyyətli məmurlar tərəfindən müəyyən edilir və bu Ermənistandan asılı olmayan bir məsələdir.

Səbinə Həsənova,
Şahanə Rəhimli

AzVision.az



Teqlər:  





Xəbər lenti