Prezident rəsədxanada - FOTOLAR

Prezident rəsədxanada - FOTOLAR
  17 May 2013    Oxunub:1938
Ötən gün prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Rəsədxana 1959-cu ildə Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılıb və 1960-cı ildə fəaliyyətə başlayıb. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanası ilə müqayisədə üstünlüklərə malikdir. Mütəxəssislərin rəyinə görə, burada aydın gecələrin sayı il ərzində 200-ə çatır.

2008-ci ildən sonra Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni əlamətdar mərhələ başlanıb. Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılıb. Sərəncamların icrası nəticəsində bu elmi-tədqiqat mərkəzinin maddi-texniki bazası möhkəmlənib, əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni binalar inşa olunub, müasir qurğular işə salınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə dövlətimizin başçısına məlumat verdi ki, rəsədxanada inzibati bina, sərgi və 110 nəfərlik mühazirə zalları, 6 teleskop binası, o cümlədən 2 metrlik əsas teleskopun binası əsaslı təmir olunub, 110 nəfərlik yeməkxana tikilib.

Əsaslı təmir və yenidənqurmadan sonra buradakı inzibati otaqlarda iş şəraiti ən müasir səviyyəyə çatdırılmışdır. Rəsədxananın Bakı şəhər bölməsi, “Günəş fizikası”, “Günəş və Yer əlaqələri”, “Planetlər və kiçik səma cisimləri” və digər şöbələri var.

İki metrlik əsas teleskopun yerləşdiyi binada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu bina ilə yanaşı, horizontal Günəş teleskopunun, 70 və 35 santimetrlik teleskopların, həmçinin alman teleskopunun binaları da əsaslı təmir olunub. Əsas teleskopun idarəetmə sistemi tam avtomatlaşdırılıb. Rəsədxananın bütün teleskoplarına müasir və yeni işıq qəbulediciləri alınıb, xüsusi kameralar və kriogen qurğusu quraşdırılıb. Ümumilikdə rəsədxana astrofizika və fundamental astronomiya sahəsində keçmiş sovet və postsovet elmi proqramlarına mühüm töhfələr verib.

Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemlərilə uzlaşdırılıb. Rəsədxanada qalaktikanın, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin və kometaların müşahidəsi aparılır. Burada ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, həmçinin Günəş fizikası istiqamətində elmi işlər görülür.

Dövlət başçısına son günlərdə kosmosdan alınan görüntülər, o cümlədən diametri 6,5 metrdən çox olan teleskoplar barədə məlumat verilib.

Qalereya




Teqlər:  





Xəbər lenti