Prezident cümə məscidində olub

Prezident cümə məscidində olub
  17 May 2013    Oxunub:1216
Mayın 17-də Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Mərasimdə iştirak edən Qafqaz xalqlarının müftiləri, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev qonaqlarla görüşdü.

Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına burada görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, Azərbaycanın ən qədim tarixi-mədəniyyət abidələrindən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Bu, təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim məscidlərdən biri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatıb.

Memarlıq üslubu baxımından qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqətlə qorunub saxlanılıb. Şamaxıda 1859-cu və 1902-ci illərdə baş vermiş dağıdıcı zəlzələlərdən ciddi ziyan çəkən məscid XX əsrin əvvəllərində yenidən bərpa edilib. Lakin 1918-ci ildə Azərbaycanın əksər şəhərləri və bölgələrində, o cümlədən Şamaxıda erməni-daşnak quldur dəstələri tərəfindən törədilən soyqırımı zamanı minlərlə günahsız insan qətlə yetirilmiş, əhalinin sığınacaq tapdığı Cümə məscidi isə yandırılıb.

Uzun illər dağıdılmış vəziyyətdə qalan bu tarixi abidə 1980-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə təmir olunub. Şamaxı Cümə məscidində əsaslı bərpa və yenidənqurma işləri Azərbaycan Prezidentinin 2009-cu il 24 dekabr tarixli Sərəncamı əsasında başlanılmış və yüksək keyfiyyətlə sona çatdırılıb.

Dövlətimizin başçısı Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxdı.

Məsciddə qonaqlarla, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşən Prezident İlham Əliyev çıxış etdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə dini abidələrimizin qorunub saxlanılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və "Qurani-Kərim" hədiyyə etdi.

Sonra Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdiyev, Çeçenistan Respublikasının müftisi Soltan Mirzayev və Şamaxı ağsaqqalı Məcid Şikərov çıxış etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Prezidenti və qonaqlar çay süfrəsi ətrafında söhbət etdilər.



Teqlər:  





Xəbər lenti