Prezident Britaniya nümayəndə heyətini qəbul etdi

Prezident Britaniya nümayəndə heyətini qəbul etdi
  05 İyun 2013    Oxunub:1305
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Böyük Britaniyanın Baş naziri Devid Kemeronun neft-qaz konfransına ünvanladığı müraciətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev müraciətdə ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin və eləcə də bp-nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyətinin əks edilməsinin önəmini vurğuladı. Baş nazir Devid Kemeron ilə ötən il Londonda görüşünü və enerji sektorunda əməkdaşlığa dair aparılan müzakirələri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin təmsilçisi Çarlz Hendrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını dedi.
Böyük Britaniya Parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Böyük Britaniya hökumətinin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Çarlz Hendri Azərbaycan qazının Avropaya nəqli baxımından 2013-cü ilin mühüm il olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin iqtisadi-ticari, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:





Xəbər lenti