Kurort neçəyə başa gəlir?

 Kurort neçəyə başa gəlir?
  05 İyun 2013    Oxunub:3949
“2013-cü ildə 50 min nəfərdən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyi gözlənilir”
Artıq yay mövsümü başlayıb. Hər yay olduğu kimi, bu yay da sanatoriya və kurortlara axın müşahidə olunacaq.Maraqlıdır ki, kurortlara üz tutanlar üçün yollayışın qiyməti neçəyə başa gələcək?
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov AzVision.az saytına bildirib ki,builki yollayışların qiyməti 430 manatdan 700 manatadəkdir : “Azərbaycan Həmkarlar İttifaqlarının nəzdində 1 kurort birliyi, 8 sanatoriya, 1 müalicə pansionatı, 6 istirahət bazası fəaliyyət göstərir. Sanatoriyaların 6-sı ilboyu, müalicə pansionatı və istirahət bazaları mövsümü fəaliyyət göstərir. Sanatoriyalara və istirahət müəssisələrinə yollayışların qiyməti 430 manatdan 700 manatadəkdir. Ötən illə müqayisədə yollayışların qiymətində dəyişiklik baş verməyib. Yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır.”

AHİK rəsmisi onu da əlavə edib ki, sanatoriya və istirahət evlərinə yollayışlar məcburi dövlət sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. “Yollayışların ümumi sayının 10 faizi isə işçilərə ümumiyyətlə tam güzəştlə pulsuz verilir. İşçilər yollayışları almaq üçün işlədikləri müəssisənin, yaxud üzv olduqları həmkarlar ittifaqı təşkilatlarına müraciət etməlidirlər. Sanatoriya yollayışları işçilərə tibbi arayış əsasında verilir.
Məcburi Dövlət Sosial sığorta (MDSS) haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə: əgər ailə üzvü məcburi Dövlət Sosial sığorta haqqı ödəyirsə onda ailə üzvü üçün də yollayışın dəyərinin 15%-ni ödəməklə, əgər işləmirsə – MDSS ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə bilər”

N.Ağamirov qeyd edib ki Həmkarlar ittifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ var.

“2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 20 min nəfərə yaxın şəxs, həmkarlar ittifaqı üzvü yollayışlardan istifadə edib. Bundan əlavə, Həmkarlar İttifaqı təşkilatlarının daxili imkanları hesabına 20 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü də yollayışlardan istifadə edib, ümumilikdə 40 min nəfərdən artıq sosial sığorta ödəyicisi yollayışla təmin olunub.

Qurum rəsmisinin sözlərinə görə 2013-cü ildə 50 min nəfərdən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyi gözlənilir. : “AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri istirahət ocaqlarında həmkarlar ittifaqı üzvlərinin istirahətlərini səmərəli təşkil etməyə çalışırlar. Məsələn, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasında tikib istifadəyə verdiyi istirahət ocağında mövsüm ərzində 400 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabran qəsəbəsində yerləşən “Lokomotiv” istirahət mərkəzində 360 nəfərdən çox, Dövlət idarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının istirahət zonasında isə 1000 nəfərə yaxın insan istirahət edir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 260 yerlik istirahət ocağının cari ildə istifadəyə verilməsi nəzərdə tutulub”
Onun sözlərinə görə, bu il də Metropoliten işçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdində sanatoriya–profilaktoriya fəaliyyət göstərəcək: “Sanatoriya- profilaktoriyada hər il 650 nəfər profilaktik müalicə alır. Sanatoriya-profilaktoriyaya bir ədəd yollayışın qiyməti 195 manat təşkil edir. Məcburi Dövlət Sosial sığortasına cəlb olunmuş şəxslər, yəni metropoliten işçiləri bu yollayışların dəyərinin 15 faizini 29 manat ödəməklə əldə etmək hüququna malikdirlər, lakin bu vəsaitin ödənilməsini də Metropoliten İşçiləri HİB-i öz üzərinə götürüb və nəticədə metropoliten işçiləri yollayışları tam güzəştlə pulsuz əldə edirlər”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti