TQDK-nın Göyçay bölməsinin binasının açılışı olub

TQDK-nın Göyçay bölməsinin binasının açılışı olub
  05 İyun 2013    Oxunub:1543
TQDK sədri abituriyentlər üçün bu amilin psixoloji baxımdan da müsbət əhəmiyyət daşıdığını vurğulayıb.
İyunun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay şəhərində yerləşən regional bölməsinin inzibati binasının açılışı olub. TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, açılış mərasimində TQDK sədri Məleykə Abbaszadə, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayon ictimayyətinin və Kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov TQDK-nın rəhbərliyini, regional bölmənin əməkdaşlarını, bölgə ictimayyətini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Daha sonra TQDK sədri Məleykə Abbaszadə çıxış edərək mərasim iştirakçılarını, kollektivi təbrik edib.

Binanın istifadəyə verilməsini bildirən lent kəsildikdən sonra qonaqlar burada yaradılan şəraitlə tanış olublar. Binada bölmənin fəaliyyətinin səmərəli təşkili üçün müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar lazımi inventarlar, texniki, texnoloji və metodiki vastələrlə təchiz olunub.

TQDK sədri konfrans zalında tədbirdə iştirak edən Göyçay və ətraf rayonların pedaqoji ictimaiyyətinin nümayəndələri ilə görüşüb. M. Abbaszadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə Komissiyanın yeni 3 regonal bölməsinin yaradıldığını xatırladaraq, bununla TQDK-nın regional bölmələrinin sayının 8-ə çatdığını bildirib.


Cari ildə bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının həmin regional bölmələrin yerləşdiyi şəhərlərdə, o cümlədən Göyçayda keçiriləcəyi qeyd olunub. Bununla, regionlarda yaşayan abituriyentlər daha yaxın mərkəzlərdə imtahan verməklə maddi resurslarına, vaxtlarına və enerjilərinə qənaət edəcəklər. TQDK sədri abituriyentlər üçün bu amilin psixoloji baxımdan da müsbət əhəmiyyət daşıdığını vurğulayıb.


Komissiya sədri bu zonada yaşayan və fəaliyyət göstərən müəllimlərin, ekspertlərin, ümumilikdə pedaqoji ictimaiyyətin qəbul imtahanlarına dair materialların hazırlanmasında, qəbul proqramlarının müzakirələrində, dərsliklərin monitorinqi və digər elmi-metodiki proseslərdə daha fəal iştirakını arzu etdiyini bildirib. Buna görə də onları regional bölmə ilə daha sıx əməkdaşlığa dəvət edib. Komissiya tərəfindən təşkil edilən elmi-metodiki seminarların paralel olaraq regional bölmələrdə də aparıldığını və Komissiyanın mərkəzi binası ilə videobağlantı əsasında müzakirələr təşkil olunduğu vurğulayıb. Bu prosesdə də region müəllimlərinin iştrakının vacib olduğu qeyd olunub.


Tədbirin sonunda TQDK sədri görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti