Azərbaycanın siyasi “Facebook” qrupları niyə bağlanıb?

Azərbaycanın siyasi “Facebook” qrupları niyə bağlanıb?
  05 İyun 2013    Oxunub:1706
“Bu günə kimi belə bir hal baş verməyib ki, fərqli siyasi mövqelərə xidmət edən qruplar eyni zamanda bağlansın”
Bu gün səhər saatlarından etibarən “Facebook”da Azərbaycanın siyasi yükə malik, üzvlərinin sayı 200-300 mindən çox olan və ciddi müzakirələrin aparıldığı bir neçə qrupu yoxa çıxıb. Həmin qruplar “Prezidentə dəstək – 2013, “Azərbaycana baxış” “Azərbaycan 2013: Qələbə!”, “Xilas” və “İstefa” qruplarıdır.

Qeyd edək ki, bağlananlar ancaq iri qruplardır, kiçik qruplar fəaliyyətini davam etidrir. Bəs görəsən, bu qrupların bağlanması ancaq texniki problemdir, yoxsa bunun arxasında siyasi və ya ya digər qaranlıq məqamlar var?.. Texniki problemdirsə, niyə ancaq bu qruplar və eyni vaxtda bağlanıb? Bütün bu məsələlər əsasən “Facebook” rəhbərliyinin ixtiyarında olsa da, problemin daxili məqamlarını araşdırmağa çalışdıq.


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, “Facebook”un özünün xüsusi qaydaları var və bu sosial şəbəkədə hər hansı hesab və ya qrup açırsansa, o qaydalara əməl etmək laızmdır: “O qaydalarda qeyd olunur ki, “Facebook” da bir cəmiyyətdir və burada birgə yaşayış qaydalarını pozmamalısan. Yəni başqasını aşağılamaq, irqi, dini, siyasi ayrıseçkilik etmək, zorakılığa, eksrtemizmə çağırış, qeyri-qanuni hərəkətlər, pornoqrafiya yaymaq bu qaydalara ziddir. Müzakirələr də bu qaydalar çərçivəsində aparılmalıdır. Əks halda “Facebook”un ixtiyarı çatır ki, müəyyən tədbir görsün. Bu tədbirlədən biri də həmin qrupların bağlanmasıdır. Güman ki, bu qaydaların pozulması ilə bağlı məsələlər gündəmə gəlib və qruplar bağlanıb”.

Belə olduğu halda sual yaranır: niyə məhz bu qruplar və eyni vaxtda bağlanıb? Osman Gündüzün sözlərinə görə, buna səbəb “Facebook” adminstrasiyasına həmin qruplardan eyni vaxtda şikayət daxil olması ola bilər: “ Facebook” bunu həm öz təşəbbüsü ilə, həm də şikayətlərə əsaslanaraq edə bilər. Ola bilsin ki, “Facebook”un qaydalarına zidd fikirlərin getməsi ilə bağlı şikayətlər olub və məhz indi araşdıraraq tədbir görülüb”.
Forum prezidenti bağlanan qrupların bir-biri ilə əlaqəli və aralarında rəqabət olmasını da səbəb kimi göstərir: “Yəqin ki, ona görə də eyni anda şikayət olunub. Şikayətlər də eyni anda qəbul olunduğundan eyni vaxtda da bağlanıb”.

Qeyd edək ki, “Facebook” adminstrasiyasında türk mütəxəssislərin də olduğu və Azərbaycan “Facebook”unun da məhz tük komandanın nəzarətində olduğu bildirilir. Türkiyədə bir neçə gündür davam edən məlum aksiyalarla bağlı bir neçə ciddi və üzv sayı çox olan qruplar, həmçinin, “Twitter” sosial şəbəkəsində belə bir problemin yaşanıb. Bunun sözügedən məsələyə bir aidiyyəti varmı? Həmin qruplarda son olaylarla bağlı aparılan müzakirələr, irəli sürülən fikirlər qrupların bağlanmasına səbəb ola bilərmi?

Osman Gündüz hesab edir ki, problem bununla bağlı deyil: “Ola bilsin ki, “facebook” qaydalarına zidd resurslar tapdıqlarından bu qərara gəliblər. Hesab etmirəm ki, səbəb son hadisələrdir”.

Bəs Azərbaycanda hər hansı qüvvənin “Facebook”a müdaxiləsi ola bilərmi? Bu proses azərbaycanlı haker və ya internet mütəxəssislərinin imkanları daxilindədirmi? O. Gündüz qeyd edir ki, bu, heç bir halda baş verə bilməz: “Şəxsi “facebook” hesabında təhlükəsizlik qaydalarına riayət edilmədikdə baş verə bilər, ancaq bu, tamam başqa məsələdir”.


Mətbuat Şurası internet mediası üzrə komissiyanın sədri Elnur Baimov isə qeyd edir ki, Azərbaycan sferasında siyasi sürrealizm təmin olunub: “Bildiyimiz kimi, bağlanan qruplar iki istiqamətdə fəaliyyət göstərirlər. Biri hakimiyyəti, digəri isə müxalifəti dəstəkləyir. Bu qrupların bağlanması, doğrudan da, təəccüblüdür. Adətən kütləvi şəkildə şikayət olanda, hər hansı bir qrupu bağlayırlar. Ancaq bir neçə qrupun eyni vaxtda qapadılması narahatlıq doğurur”.

Elnur Baimov düşünür ki, belə bir hadisənin baş verməsi təsadüfi haldır və qruplar bərpa olunacaq: “Hər iki istiqamətdə fəaliyyət göstərən qruplar bağlanıb. Yəni artıq müxalifət-iqtidar söhbəti getmir. Bərpa olunmadığı təqdirdə, Azərbaycanda həm müxalif, həm də iqtidar qruplarını bağlamağın kimə maraqlı olduğu narahatlıq doğuracaq”.

Media mütəxəssisi deyir ki, “Facebook” siyasi yox, biznes qurumudur və istifadəçilər üzərindən reklama görə pul əldə olunur: “Facebook” yaradıcılarının da marağı ondadır ki, daha çox gəlir əldə etsinlər. Çoxlu sayda abunəçisi olan qrupların qapadılıması “facebook”un özünə də maddi ziyan gətirə bilər. Məncə, “Facebook rəhbərliyinə müraciət edib, cavabı gözləmək lazımdır”.

O da qruplarla bağlı problemin Türkiyədə baş verən hadisələrlə bir əlaqəsi olduğunu düşünmür: “Onların bizdən qat-qat abunəçi sayı çox olan qrupları, səhifələri var. Mən bunu Türkiyədəki olaylarla əlaqələndirmirəm. Qruplarda həmin hadisələrlə bağlı müzakirələri izləyirdim, bu barədə elə də böyük söhbətlər getmirdi. Bizə nəzarət Türkiyədəndir və təbii ki, türklər Azərbaycan dilini yaxşı başa düşürlər. Özləri də narahatlıq doğuran bir müzakirənin olmadığını görmüş olarlar. Yəni qrupların bağlanmasının Türkiyə ilə əlaqəli olması ehtimalı çox azdır. Qeyd edim ki, Azərbaycan “Facebook”una nəzarət Moskva komandasına da aiddir”.

E. Baimov qruplar bərpa olunacağından əmin olduğunu bildirir: “Bu günə kimi belə bir hal baş verməyib ki, fərqli siyasi mövqelərə xidmət edən qruplar eyni zamanda qapansın. Bu, onu göstərir ki, bu hansısa təsadüfdür və qruplar tez bir zamanda açılacaq”.

Qeyd edək ki, qrupların bağlanması ilə əlaqədar “Facebook” adminstrasiyasına müraciət etmişik və sorğumuzun cavabını sizlərə də təqdim edəcəyik.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti