“Facebook”da bağlanan siyasi qruplar yenidən yaradıldı

“Facebook”da bağlanan siyasi qruplar yenidən yaradıldı
  06 İyun 2013    Oxunub:3171
Dünən Facebook-un Azərbaycan seqmentində üzvlərinin sayı 150 mini keçən (150-300 min) qruplar, o cümlədən müxalifətin “Xilas”, “İstefa”, həmçinin, iqtidaryönlü “Prezidentə Dəstək-2013, “Azərbaycana baxış” və “Azərbaycan 2013 Qələbə” Facebook-dan silinib.

Vəziyyəti nəzərə alaraq Müsavat və AXCP partiyaları yeni “ET!” və “Azadlıq-Liberty” qruplarını yaradıblar. Hazırda “ET!” qrupunun üzvlərinin sayı 8351, “Azadlıq-Liberty” qrupunun üzvlərinin sayı isə 2443-dir.

“Prezidentə dəstək-2013” qrupu isə “Prezidentə dəstək” adı ilə adekvat qrup yaradaraq fəaliyyət göstərir. Qrupun hazırda üzv sayı 2022-dir.

“Azərbaycan 2013: QƏLƏBƏ!” qrupu isə eyni adla yeni qrup açaraq fəaliyyətini davam etdirir. Bu qrupa isə hələ ki, 161 nəfər qoşulub.

Ən son yenilənən qrup isə daha əvvəl 330 mindən çox üzvü olan “Azərbaycana baxış” qrupudur. Qrup adminlərinin verdiyi məlumata görə, onun yenidən açılmasında məqsəd müəllif hüquqlarını qorumaqdır. Belə ki, qrupların bərpa olunma ehtimalı hələ məlum olmadığından eyni adda yeni qrup açılıb.

Şirzadova Mehparənin sözlərinə görə, qrup müvəqqəti olaraq açılıb, bərpa olunduğu halda həmin qrup eyni tərzdə fəaliyyətini davam etdirəcək: “Eyni adda qrup açaraq başqa istifadəçilərin bu addımı atmasına imkan yaratmamış olduq. Yeni açılan qrupda əvvəl olduğu kimi, istifadəçilər yenə də öz fikirlərini səsləndirə biləcəklər”.

Qeyd edək ki, dünən səhər saatlarından etibarən bağlanan qruplar Azərbaycan “Facebook”unda ən çox üzvü olan və sosial-siyasi və digər ciddi müzakirələrin aparıldığı qruplardır.

Qrupların bağlanması ilə əlaqədar “Facebook” adminstrasiyasına müraciət edilib, ancaq hələ də sorğumuz cavablandırılmayıb. Onu da bildirək ki, qrupların bağlanma səbəbləri arasında Türkiyədə baş verən hadisələr, qrupların bir-biri ilə rəqib olmasından irəli gələrək şikayət etmələri və sosial şəbəkənin qaydalarını pozma ehtimalları dayanır.


Sevinc Fədai




Teqlər:  





Xəbər lenti