“Artıq bezmişik, prezidentə müraciət edəcəyik”

“Artıq bezmişik, prezidentə müraciət edəcəyik”
  07 İyun 2013    Oxunub:1469
“ Təmirlə bağlı prezidentə müraciət etməyi fikirləşirik”
“Yayılan söz-söhbətlər yalandır. Bizim məktəbdə şagirdlərdən pul yığılmayıb. Şagirdlər də vaxtı-vaxtında dərsə gəlirdilər. İndi dərs vaxtı olsaydı, özünüz də bunu görə bilərdiniz”. Bu barədə AzVision.az-a açıqlamasında Mirəli İbrahimov adına 153 saylı orta məktəbin direktor müavini Xanım Əbilova deyib.

O bildirib ki, məktəblə bağlı yayılan xəbərlər əsassızdır: “Bizim məktəbdə Gülnarə Ağayeva adlı psixoloq-müəllimə işləyib. O, rus dili müəlliməsidir. Sadəcə, bizdə psixoloq var idi Zeynəb, o, analıq məzuniyyətinə çıxdığı üçün Gülnarə xanım onu əvəz etdi. Zeynəb işə qayıtdığı üçün Gülnarəni işdən çıxarası olduq. Bir ildir ki, artıq işdən çıxıb. Amma indi Gülnarə xanımın niyə belə xəbərlər yaydığını bilmirəm. Bu yaxınlarda direktorla da onun məhkəməsi oldu, amma məhkəməni direktor qazandı”.

Məktəbin bərbad vəziyyətdə olmasına gəlincə isə, X.Əliyeva bu faktı təsdiqləyib. “Biz özümüz də artıq bezmişik. Məktəbin təmiri ilə bağlı Təhsil Nazirliyinə, Bakı Şəhər Baş Təhsil idarəsinə də xəbər etmişik. Deyirlər ki, olacaq, amma hələ də ortada heç nə yoxdur. Yasamalda olan bütün məktəblər təmir olunub, tək bizim məktəbdən başqa. Buna görə də, şagirdlərimizin sayı azalıb. Hazırda 700-ə yaxın şagird təhsil alır. Fikirləşirik ki, təmirlə bağlı prezidentə müraciət edək. Artıq bezmişik”.

Qeyd edək ki, məktəbdə psixoloq-müəllimə işləmiş Gülnarə Ağayeva mətbuta verdiyi açıqlamada iddia edir ki, məktəbdə şagirdlərdən əsassız pullar yığılır: “Yığılan pulların məktəbə xərclənməsi üçün Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, həmçinin mətbuata müraciət etdim .

G.Ağayeva baş verənlərlə bağlı təhsil naziri Mikayıl Cabbarova da müraciət ünvanlayıb. Müraciədə deyilir ki, deputat Qənirə Paşayevanın əmisi qızı olan direktor Təranə Paşayeva Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən himayə olunur: "Buna görə də, məktəblə bağlı bütün şikayətlər geri göndərilir”.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdüri Zəminə Əliqızı belə bir şikayətin idarəyə daxil olmadığını bildirib: “Belə bir şikayət daxil olsa, araşdırarıq”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti