İqtidar və müxalifət jurnalistləri necə qonşu olacaq?

İqtidar və müxalifət jurnalistləri necə qonşu olacaq?
  07 İyun 2013    Oxunub:1489
“Yeni Müsavat”la “Yeni Azərbaycan” qəzetinin əməkdaşları qonşu olsalar...
Son günlər mətbuatın gündəmini dövlət tərəfindən jurnalistlərə verilən ev məsələsi tutur. Çoxlarının beynində bu məsələ ilə bağlı xeyli sual var. Mənzillər neçə otaqlı olacaq? Hansı jurnalistlər ev alacaq və s? Ancaq maraqlı məsələlərdən bir də budur ki, daima mətbuatda əks qütblərdə dayanan, müxtəlif fikir və siyasi mövqeləri ilə fərqlənən, iqtidar və müxalifət mətbuatında çalışan jurnalistlərimiz eyni binada, hətta eyni mərtəbədə qalmalı olacaqlar. Maraqlıdır, aralarında kəskin fikir ayrılığı olan, hər gün bir-birinin ünvanına tənqidlər söyləyən qələm əhlinə eyni mərtəbədə yaşamaq, qonşu olmaq çətin olmayacaq ki? Azvision.az bununla bağlı bir neçə redaktor arasında sorğu keçirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Baboğlu bildirib ki, mətbuatda yoldaşlıq, dostluq etməyən jurnalistlərimiz həmin binada əsl mehriban qonşu kimi yaşayacaqlar. “Mən hesab edirəm ki, Azərbaycan mətbu icması vahid bir icmadır. Mövqelərindən, siyasi dünya görüşlərindən, hadisələrə müxtəlif növ baxışları olmasına baxmayaraq, bu Azərbayacanın milli mətbuatıdır. Və Azərbayacan Respublikasının Prezidenti də Azərbaycanın millli mətbuatını vahid tam kimi görür. Ona görə də bütün məsələlərdə onların maddi problemlərinin həllində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan eyni miqdarda pul ayrılır. Evlərin bölünməsində, sosial problemlərin həll olunmasında da eyni gözlə baxır . Mən hesab edirəm ki, Azərbaycan mətbu icması kifayət qədər intelektual əsaslarda formalaşmış, kifayət qədər yetkin bir mətbuatdır. Fərqli siyasi, dünya görüşünə baxmayaraq mətbuatın gözəlliyi də elə bundadır. Çox az olan qeyri-etik mətbu nümunələrini çıxmaq şərti ilə bütövlükdə, mətbuatın Azərbaycanda inkişaf səviyyəsi də, mövqeyi də tamamilə qanedicidir. Mən hesab eləmirəm ki, fərqli siyasi mövqeyə malik olan jurnalistlərimizin qonşu olması problem yarada bilər”.

“525-ci qəzet” -in baş redaktoru Rəşad Məcid isə qələm əhlinin hətta bir -birindən duz alacaq qədər mehriban olacağını düşünür.
“Yeni Musavat”ın müxbiri ilə “Yeni Azərbaycan” qəzetinin müxbiri eyni mərtəbədə qalsalar, birinin duzu olmayanda o birindən duz xahiş edəcək, o birinin də suyu olmayanda bu birisindən su xahiş edəcək. Hamımız bir xalqın övladlarıyıq. Nə olub ki, düşmən deyilik ki? Nəinki ev məsələsində, bütün məsələlərdə birləşə bilərik”.

“Azadlıq” qəzetinin redaktoru Şücəddin Şərifli də həmkarları kimi düşünür.
“Mən güman etmirəm ki, o hansısa xüsusi bir problem yaradacaq. Mənim şəxsən hökumət mətbuatında xeyli dostum var. Şəxsi, siyasi mövqelər başqadır, şəxsi münasibətlər tamam başqadır . Mən bunu problem saymıram. Və güman edirəm ki , mehriban qonşu kimi yaşayacaqlar”.

“Yeni Musavat” qəzetinin redaktoru Azər Ayxan :
“Məncə heç bir problem olmayacaq.Siyasi baxımdan fikirlər haçalana bilər, amma bu, həyatda, qonşuluqda inanmıram ki, özünü büruzə verə.
Bir də ki, jurnalistlər qəzet səhifələrində siyasi "rəqibdilər". Qarşılaşanda, hansısa tədbirdə iştirak edəndə, səfərə çıxanda iqtidar-müxalifət ayrı-seçkiliyi aradan qalxır.İnanıram ki, bu, qonşuluq həyatında da belə olacaq.
Xüsusilə azərbaycanlıların qonşuluq institutu həddən artıq güclüdür. Biz "Yaxın qonşu uzaq qohumdan doğmadır" fəlsəfəsini kəşf edən və əsrlərdir bu deyimi yaşadan xalqıq. Həm də buna görə hesab edirəm ki, iqtidar və müxalifət jurnalistlərinin eyni binada, eyni mərtəbədə yaşamaları problem yaratmayacaq.
Əksinə, bu qonşuluq jurnalist cameəsini daha da mehribanlaşdıracaq, yaxınlaşdıracaq. ”

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti