Azərbaycan 45 ölkə ilə ikiqat vergitutmanı aradan qaldırıb

Azərbaycan 45 ölkə ilə ikiqat vergitutmanı aradan qaldırıb
  24 İyul 2015    Oxunub:2389
“Azərbaycan Respublikasının ikiqat vergitutmanın aradan qaldırılması haqqında bağladığı müqavilələr şəbəkəsi genişlənməkdədir və Vergilər Nazirliyinin mövcud müqavilələr çərçivəsində digər dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı uğurla davam etdirilir”.
AzVision.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayev deyib.

Onun sözlərinə görə, hazırda 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə imzalanıb və onların 45-i qüvvəyə minib:

“Küveyt, İordaniya və İspaniya ilə imzalanmış müqavilələr həmin ölkələr tərəfindən dövlətdaxili prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək. Bunlardan əlavə, Malta, İsrail, Slovakiya, İsveç, İrlandiya, Sinqapur, Danimarka, Hindistan, San-Marino və Mərakeşlə bu cür müqavilələrin layihələri, eləcə də Qazaxıstanla 1996-cı ildə imzalanmış müqaviləyə əlavə və dəyişikliklərin edilməsi üzrə Protokolun layihəsi üzrə razılıq əldə edilib. Adı çəkilən dövlətlərdən əlavə, daha yeddi dövlətlə müvafiq layihələr üzərində işlər davam etdirilir və 15-dən çox ölkə ilə danışıqlara başlanması üçün model layihələr mübadilə edilib”.

O, qeyd edib ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələrdən başqa, vergi məlumatlarının mübadiləsi haqqında müqavilələr də mövcuddur:

“Hazırda Vergilər Nazirliyi Azərbaycan Respublikasının tərəf olduğu məlumat mübadiləsi haqqında ikitərəfli və çoxtərəfli müqavilələr əsasında 101 dövlətlə vergi məlumatlarını mübadilə etmək imkanına malikdir”.


Teqlər:  





Xəbər lenti