Deputatlarımız Ankaraya gedəcəklər

Deputatlarımız Ankaraya gedəcəklər
  08 İyun 2013    Oxunub:1316
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TürkPA-nın 5-ci ildönümünə həsr olunmuş qurumun 4-cü plenar sessiyasında iştirak etmək üçün iyunun 9-da Ankaraya səfər edəcək.
AzVision.az xəbər veririr ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlardan Əhliman Əmiraslanov, Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ülvi Quliyev, Çingiz Qənizadə, İqbal Ağazadə, Çingiz Əsədullayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Spikerin rəhbərliyi ilə deputatlarımız təşkilatın Şurasının və plenar sessiyasının iclaslarında iştirak edəcəklər. Şuranın iclasında Qırğızıstan tərəfinin təşkilata sədrliyi dövründə görülən işlər, sədrliyin Türkiyə təmsilçisinə təhvil verilməsi, qurumun Beynəlxalq Katibliyinin ötənilki fəaliyyəti və növbəti il üçün büdcə layihəsinin təsdiqi, o cümlədən təşkilati məsələlər müzakirə olunacaq. Sessiyada quruma üzv ölkələrin beynəlxalq müstəvidə əməkdaşlığı və namizədliklərin qarşılıqlı şəkildə dəstəklənməsi məsələlərinə də baxılacaq.

TürkPA-nın 4-cü plenar sessiyasında Milli Məclisin Sədri Oqtay Əsədov qurumla bağlı İstanbul razılaşmasının 5-ci ildönümü ilə əlaqədar çıxış edəcək, təşkilatın bu günü və gələcək fəaliyyət istiqamətləri barədə öz fikirlərini açıqlayacaq.
Ankaraya səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Tədbirdə iştirak edən nümayəndə heyətimizin üzvləri təşkilatın Beynəlxalq əlaqələr, Sosial, mədəni, humanitar məsələlər, İqtisadi, ticarət və maliyyə məsələləri, o cümlədən Hüquqi məsələlər üzrə komissiyalarının işində iştirak edəcək, müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

TürkPA-nın 5-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində milli parlamentlərin Aparat rəhbərlərinin görüşü də nəzərdə tutulmuşdur. Görüşdə parlamentlər arasında əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və birgə seminarların təşkili məsələləri nəzərdən keçiriləcək.
Səfər iyunun 11-də başa çatacaq.


AzVision.az


Teqlər:  





Xəbər lenti