Beynəlxalq avtoyürüş iştirakçıları Bakıda

Beynəlxalq avtoyürüş iştirakçıları Bakıda
  10 İyun 2013    Oxunub:1269
“Bu avtoyürüşdə 13 maşın var və onların hamısı rusiyalı gənclərdi”.
Bu gün “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün iştirakçıları ilə görüş keçirilib. AzVision.az xəbər verir ki, tədbirdə Rusiya və Azərbaycan veteranları, Gənclər və idman nazirliyinin nümayəndələri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Gənclər və idman nazirliyinin əməkdaşı Elnur Abdullayev bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycnalı Gənclər Təşkilatının (AMOP) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Gənclərlə iş üzrə Federal agentliyi, AMOP və Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin dəstəyi ilə 6 may 2013-cü il tarixindən başlayaraq “Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə start verilib.

Onun sözlərinə görə, “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, 2-ci Dünya Müharibəsinə və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.

“Bu avtoyürüşdə 13 maşın var və onların hamısı rusiyalı gənclərdi. Sankt-Peterburq şəhərindən başlayan avtoyürüş bu gün Bakı şəhərində tamamlanır. Həmin gənclər burada azərbaycanlı veteranlardan müsahibə alacaqlar və həmin müsahibələr Rusiyanın müxtəlif saytlarında yerləşdiriləcək. Həmçinin bu gün avtoyürüş iştirakçılarına veteranlar tərəfindən videokameralar paylanacaq. Bununda məqsədi odur ki, gənclər onlara erilən videokameralar vasitəsilə azərbaycanlı veteranlardan müsahibə alaraq, Rusiya saytlarında yerləşdirsinlər”-deyə E.Abdullayev vurğulayıb.

Daha sonra çıxış edən veteranlar qazandıqları təcrübələri gənclərlə bölüşüblər. Həmçinin tədbirdə Böyük Vətən müharibəsində iştirak edən zabit və əsgər heyətinə həsr olunmuş film nümayiş olunub. Sonda 10 veteran rusiyalı gənclərə müsahibə veriblər.

Xatırladaq ki, marşuruta əsasən “Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüş iştirakçıları cari ilin 6-7 iyun tarixlərində Quba rayonuna, 7-9 iyun tarixlərində Qəbələ rayonuna və bu gün Bakı şəhərinə səfər ediblər.

Anar



Teqlər:





Xəbər lenti