Avstriyada Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilib

Avstriyada Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilib
  11 İyun 2013    Oxunub:1269
E. Süleymanov təəssüflə bildirib ki, bir çox hallarda Dağlıq Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi, problemi isə münaqişə kimi təqdim edirlər. Lakin, bu, münaqişə deyil, bu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür.
Avstriyanın paytaxtı Vyana şəhərində “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı beynəlxalq konfrans keçirilib. AzVision.az xəbər verir ki, konfransın moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov olub. Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa daxil olublar.

Konfransın işində İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, İtaliyanın keçmiş Ticarət və Sənaye naziri və Farefuturo Fondunun prezidenti Adolfo Urso, deputatlar, səfirlər, elmi birlik və institutların əməkdaşları, tələbələr, bir sıra şirkətlərin nümayəndələri, aparıcı media mənsubları iştirak ediblər. Konfrans iştirakçıları Azərbaycanın etibarlı neft-qaz təchizatçısı və qeyri-sabit region olan Cənubi Qafqazda Qərbin sabit müttəfiqi kimi rolu ilə bağlı fikir mübadiləsi edib, enerji daşıyıcıları, iqtisadiyyat, Avropa İttifaqı ilə əlaqələr, dini tolerantlıq və mədəniyyətlərarası dialoq mövzularında çıxışlar ediblər. Konfransda Azərbaycanın ən ağrılı məsələsi və regionda sabitliyə daim təhlükə olan Dağlıq Qarabağ problemi və onun yaratdığı fəsadlar barədə geniş müzakirələr aparılıb. Konfransın əvvəlində Avstriyanın kecmiş kansleri Alfred Quzenbauer iştirakçıları salamlayıb və tədbirin mövzusunun vacibliyi barədə məlumat verib.

Konfransda çıxış edən Innsbruk Universitetinin professoru Gerhard Manqot Cənubi Qafqaz bölgəsində mövcud geosiyasi vəziyyət barədə geniş şərh verərək qeyd edib ki, bölgədə olan münaqişələr heç də dondurulmuş deyil və istənilən məqamda qarşıdurmanın silahlı fazası bərpa edilə bilər. Rusiya bölgədə baş verən munaqişələrin arxasında dayanır və Ermənistanda onun 2 hərbi bazası mövcuddur ki, bu hərbi birləşmələr bütün bölgədə olan vəziyyətə nəzarət etməyə imkan verir. İran öz növbəsində Rusiya ilə regionda müttəfiqdir ve Azərbaycanda vəziyyətin gərgin saxlanılmasında maraqlıdır. Bundan əlavə ABŞ-da olan güclü erməni diasporu bu ölkənin regionda olan siyasətinə birbaşa təsir edir. AB-nin regionda elə bir təsiri yoxdur. Türkiyə isə yeganə dövlətdir ki, Azərbaycana siyasi dəstək verir. Bu şəraitdə Azərbaycan özünün güclü ve müstəqil xarici siyasət yürüdən ölkə olmasını sübut edərək Avropa Birliyindən heç bir önəmli siyasi dəstək almadığı halda Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaqda israrlıdır.
Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun nümayəndəsi Vasili Astrov daha çox Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunub. O qeyd edib ki, Avropa enerji təchizatında diversifikasiyanı təmin etməlidir.

İsrailin Avstriyadakı səfiri Aviv Şir-On Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışıb və hər iki ölkənin taleyinin və geosiyasi vəziyyətinin oxşarlığı barədə fikirlərini bölüşüb.

Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev çıxış edərək Azerbaycanın neft ixracatının tarixindən, ölkəmizin Avropa Birliyinin enerji təhlükəsizliyində önəmli rol oynamağa hazir olmasından danışıb. O, qeyd edib ki, Azerbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon m3 təşkil edir və ölkəmiz ildə 12 mlrd m3 qaz ixracatı potensialına malikdir. N. Əliyev yeni perspektiv qaz yataqları və Azərbaycanın qonşu ölkələrin qazla təchizatına hazır olması barədə məlumat verərək bildirib ki, hazırda Gürcüstanın enerji təchizatının 90%-ni Azərbaycan verir. O, həmçinin AB ölkələri tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına investisiya qoyulmasında maraqlı olduğumuzu diqqətə çatdırıb.

Konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Elxan Süleymanov belə mötəbər tədbirin keçirilməsi münasibətilə konfrans iştirakçılarını təbrik edib, təşkilatçılara minnətdarlığını bildirib. O, Azərbaycan barədə ətraflı məlumat verib və qeyd edib ki, siyasi baxımdan mürəkkəb və həssas coğrafi məkanda yerləşən Azərbaycan əsrlər boyu Şərqlə Qərb arasında ticarət və kommersiya üçün kəsişmə nöqtəsi olub. 22 il əvvəl dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər Beynəxalq təşkilatların bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası, Avropa İttifaqı və NATO ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qurub, Aİ-nin Şərq Tərəfdaşlığı proqramının iştirakçısı və AvroNest Parlament Assambleyasının təsisçilərindən biri olaraq hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır və etibarlı tərəfdaşdır. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatı şaxələnmiş, neft və qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-enerji sektorlarının, o cümlədən informasiya və kommunikasiya Texnologiyaları, maliyyə xidmətləri, neft-kimya, nəqliyyat, tikinti, turizm və kənd-təsərrüfatının inkişafında ciddi irəliləyişlər əldə edilib.

E. Süleymanov bildirib ki, Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Əsrlər boyu burada müxtəlif dini və etnik qruplara mənsub olan insanlara tolerant münasibət bəslənilib. Çoxsaylı etnik və dini qruplar Azərbaycanda heç bir ayrıseçkiliyə məruz qalmayıb, hər kəs öz milli və dini mənsubiyyətini qoruyub saxlayıb. Hazırda əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda məscidlərlə yanaşı Cənubi Qafqazda ən qədim Xristian kilsəsi, xristian-pravoslav kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları, atəşpərəst Zərdüşt məbədi mövcuddur. Deyilənlərlə yanaşı millət vəkili qeyd edib ki, dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşib. Təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilib, 1 milyona yaxın azərbaycanlının bütün hüquqları pozulub və bu insanlar qaçqın və məcburi köçkünə çevrilib. Odur ki, təcavüzün aradan qaldırılması, Azərbayan ərazilərinin işğaldan azad edilməsi, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması Azərbaycanın xarici siyasətində əsas fəaliyyət istiqamətlərindən biri olub.

E. Süleymanov təəssüflə bildirib ki, bir çox hallarda Dağlıq Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi, problemi isə münaqişə kimi təqdim edirlər. Lakin, bu, münaqişə deyil, bu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. Ermənistan Azərbaycana hərbi təcavüz edərək müharibə aparıb və Azərbaycan ərazilərini işğal edib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən Qətnamələr qəbul edilsə də, təəssüf ki, beynəlxalq təşkilatların qəbul etdikləri həmin qətnamələr kağız üzərində qalıb və onların heç biri icra olunmur. Bundan əlavə, faktiki olaraq işğalçı dövlət olan Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoyulmur, əksinə, əksər hallarda Ermənistan müdafiə olunur. Heç bir beynəlxalq təşkilat bu dövlətə qarşı sanksiyalar tətbiq etmir və bu da onlara işğalçılıq siyasətini davam etdirmək üçün yaşıl işıq yandırır.

Millət vəkili deyilənlərə misal olaraq AvroNest Parlament Assambleyasının bu ilin may ayında Brüsseldə keçirilən plenar sessiyasında baş verənlərə diqqət çəkib. O bildirib ki, AvroNest PA-nın son sessiyasında Ermənistan nümayəndə heyəti və onların havadarları olan bəzi avropalı deputatlar bu təşkilatın qəbul etdiyi Qətnamələrə işğalçı dövlətlə sərhədlərin açılması, işğal altında olan ərazilərin de-fakto hakimiyyət orqanları ilə əməkdaşlıq qurulması, Avropa İttifaqı nümayəndələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə Azərbaycan hökumətinin razılığı olmadan maneəsiz daxil ola bilməsi, müstəqil dövləti olan ermənilərə bir daha öz müqəddəratını təyin etmə hüququnun verilməsi və s. bu kimi absurd müddəalar daxil ediblər. Məsələnin ən acınacaqlı tərəfi odur ki, bu təkliflərin müəllifləri işğalın aradan qaldırılmasını vacib saymaq əvəzinə, işğalçı Ermənistana dəstək göstərirdilər. Lakin Azərbaycan nümayəndə heyətinin prinsipiallığı və məsələyə ciddi yanaşması onlara bu məkrli planlarını həyata keçirməyə mane oldu.

Elxan Süleymanov bildirib ki, Azərbaycanın cəbhəyanı rayonlarında məskunlaşmış mülki əhali 25 ilə yaxındır ki, təhlükə altında yaşayır. Belə ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Sərsəng su anbarı Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşir. Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və ölkəmizin ən hündür su hövzəsidir, bu anbar 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. İşğal nəticəsində Azərbaycanın 7 rayonu Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib. Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşib və hazırda qəzalı vəziyyətə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki nasazlıq və ya əvvəcədən düşünülmüş təxribat üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilən səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilmişdir və bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Ölkənin 7 rayonunun 400000 (dörd yüz min) nəfər əhalisinin həyatı ciddi təhlükə altındadır. Aydındır ki, hər an baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv olmasına və humanitar böhrana səbəb ola bilər.

Millət vəkili bəyan edib ki, dünya ictimaiyyəti, xüsusilə də dünyanın aparıcı güc mərkəzləri nəhayət ki, obyektivlik nümayiş etdirməli, Ermənistanın hərbi işğalına son qoymaq istiqamətində konkret addımlar atmalıdırlar. Bu addımlar qısa zaman kəsiyində reallaşdırılmalı və Sərsəng su anbarında baş verə biləcək qəza nəticəsində regionda üzləşəcəyimiz humanitar böhranın qarşısı alınmalıdır.
Çıxışının sonunda Elxan Süleymanov Konfransda iştirak edən siyasətçilərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək onları Sərsəng su anbarında qəza nəticəsində regionda yarana biləcək humanitar böhranın qarşısının alınması məqsədilə dünya ictimaiyyətinin məlumatlandırılması, məsələnin beynəlxalq təşkilatlar qarşısında qaldırılması və təcili tədbirlərin həyata keçirilməsi istiqamətində həyəcan təbili çalmaqda Azərbaycana kömək etməyə çağırıb.

Konfransda çıxış edən İtaliyanın keçmiş Ticarət və Sənaye naziri və Farefuturo Fondunun prezidenti Adolfo Urso Dağlıq Qarabag probleminin yaddan çıxmış münaqişə olduğunu bildirib. O, qeyd edib ki, beynəlxalq təşkilatların məlum Qətnamələri icra edilmir, məsələnin həlli görünmür və Azərbaycanın qonşuları ilə münasibətləri heç də asan deyil. Daha sonra o, İtaliyanın neft idxalından asılı olduğu barədə danışıb və neft idxalının diversifikasiyasının vacibliyini vurğulayaraq İtaliyanin kimya, maşınqayırma sənayesinin bu idxaldan birbaşa asılı olduğunu bildirib. Sərsəng su anbarı barədə danışan cənab Adolfo Urso 1963-cü ildə İtaliyada oxşar bəndin uçması nəticəsində 2000 insanın ölümünün böyük faciə ilə nəticələnməsini diqqətə çatdırıb və bu cür hadisənin Azərbaycanda da hər an baş verə bilməsi təhlükəsi barədə narahatlığını ifadə edib.

Millət vəkili Qüdrət Həsənquliyev çıxışında Avropa Birliyini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırıb. O qeyd edib ki, AB ilə ölkəmizin əlaqələrinin güclənməsi bəzi qonşu dövlətləri qıcıqlandırır və bu əməkdaşlığa süni əngəllər yaradılır. Lakin buna baxmayaraq Azərbaycan müstəqil siyasət aparır və ciddi nailiyyətlər əldə edir.

Millət vəkili Fazil Mustafa Azərbaycan və Türkiyənin Avropa Birliyinə ən yaxın müsəlman ölkələri olmasını qeyd edib. O, regionda olan münaqişələrin düşünülmüş və məqsədyönlü tarixi ssenarisi barədə fikirlərini bildirib və ölkəmizin problemlərini bir daha vurğulayıb.

Tədbirə yekun vuran cənab Qusenbauer AB-Azerbaycan əlaqələrinin güclənməsi zərurətindən, Azərbaycanda qeyri-neft sektorunun inkişafindan danışaraq media mənsublarını Sərsəng su anbarının hər an qəzaya uğraya bilməsi təhlükəsi və bu baş verərsə çoxlu sayda insan təlafatına səbəb olacağı barədə yazmaga çağırıb.

Konfransın sonunda Euronews kanalının “Azərbaycan: Qafqaz mozaikası” adlı reportajı təqdim edilib.

Anar



Teqlər:





Xəbər lenti