Nazirlik icra başçıları ilə birgə işə başladı

Nazirlik icra başçıları ilə birgə işə başladı
  11 İyun 2013    Oxunub:1380
“Bu il çimərliklərdə aparılan təbliğatla bağlı materialların sayı 3 dəfədən çox artıb”

“İI başlayandan bu günə kimi, Fövqəladə Hallar Nazirliyinin sulardan xilasetmə məntəqələri fəaliyyət göstərən çimərliklərdə heç bir suda boğulma hadisəsi baş verməyib. Qeyri-çimərlik ərazilərində, yəni, çaylar, göllər, su anbarları və çimmək qadağan olunmuş digər ərazilərdə 11 suda boğulma faktı qeydə alınıb”.
Bu sözləri AzVision.az saytına açıqlamasında Dövlət Sularda
Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev deyib.

Onun sözlərinə görə, yanvar ayından bu günə kimi su hövzələrindən 142 nəfər sulardan xilas olunub: “Bu vətəndaşlar təhlükəsizliklə bağlı tələbləri pozan, əsasən balıq ovu ilə məşğul olanlar olub. Çimərlik mövsümü başlayandan isə nə rəsmi, nə də ki qeyri-rəsmi çimərliklərdə suda boğulma hadisəsi baş verməyib. Sulardan xilastemə xidməti gücləndirilmiş iş rejimində işləyir, günün 24 saatı növbətçilik sistemində fəaliyyət göstərirlər”

M.Piriyev bildirib ki, bütün çimərliklərdə təhlükə ilə bağlı xəbərdarlığı edən 550-dən artıq dəmir lövhə quraşdırılıb: “Bu il çimərliklərdə aparılan təbliğatla bağlı materialların sayı 3 dəfədən çox artıb. Belə ki, çimərlik ərazilərində artıq 550-dən artıq dəmir lövhələr quraşdırılıb. Bu lövhələr bütün təhlükəli əraziləri göstərir.Eyni zamanda, çimərlik ərazisini göstərən dəmir lövhələr quraşdırılıb ki, vətəndaşlar bilsinlər,hansı ərazi çimərlik ərazisi sayılır”

Qeyri-çimərlik ərazilərinə gəlincə, qurum rəsmisi deyib ki, qadağan edilən ərazilərdə çimməklə bağlı paytaxtın bir sıra rayon icra hakimiyyətləri ilə müşavirələr keçirilib: “Biz bir sıra icra hakimiyyətləri ilə müşavirələr keçirdik. Onların qarşısına tələb qoymuşuq ki, qeyri-çimərlik ərazilərində, qadağan olunmuş ərazilərdə çimməyi qadağan edən xüsusi lövhələr quraşdırılsın. Bununla yanaşı, yollara şlaqbam qoyulsun, bir sözlə ,həmin ərazilərdə insanların hərəkətinə nəzarət olunsun ki, bu cür ərazilərdə vətəndaşların suda boğulma halları olmasın. Eyni zamanda, məntəqələrimiz çimərlik ərazilərinə yaxın ərazilərdə su nəqliyyat vasitəsilə reydlər keçirir. Həmin ərazilərdə müşahidə aparırıq”

Nazirlik rəsmisi pullu, pulsuz çimərliklərlə bağlı suala aydınlıq gətirib: “Bu günə qədər vətəndaşlar qeyd edirdilər ki, çimərlik ərazilərinin çoxu pulludur, yaxud da ki, istirahət obyektlərinin sahibləri çimərliyə pulla buraxırlar. Pulla dənizə buraxan istirahət obyektlərinin sahibləri belə etməklə, ilk növbədə, qanunu pozurlar. Onların elə bir səlahiyyəti yoxdur ki, dənizə girən adamdan pul alsınlar. Dəniz sahilində hər hansı bir kölgəlik yaradıb, xidmət müqabilində pul ala bilərlər, amma birbaşa dənizə girmək üçün heç bir istirahət obyektinin sahibinin ixtiyarı yoxdur ki, vətəndaşdan pul alsın. Bakı şəhər icra başçısının sərəncamı var. 179 nömrəli həmin sərəncamında göstərilir ki, ümumiyyətlə, respublika ərazisində bütün çimərliklər pulsuzdur. Kölgəliklər,yaxud da ki, digər xidmət müqabilində vətəndaş pul ödəyə bilər. Eyni zamanda, dəniz sahilindən 20-25 metr ərazi boş qalmalıdır. Heç bir istirahət obyektinin ixtiyarı yoxdur ki, bu əraziləri bağlasın, dəniz zolağına xətt çəksin. Dəniz sahili 20-25 metr tamamilə boş olmalıdır ki, insanların hərəkətinə məhdudiyyət olmasın. Ya da ki, orada xilastemə texnika avadanlıqlarının əraziyə cəlb olunması üçn mane yaranmasın.”

Nihadə Eyyubova
AzVision.az


Teqlər:  





Xəbər lenti