Bütlərin sınma haqqı

Bütlərin sınma haqqı
  31 Yanvar 2013    Oxunub:2206
Cavidan

Normal insan öz həyatının müxtəlif dövrlərində bu və ya başqa bir insana, yaxud ədəbi-bədii obraza tutunur. Kimimiz üçün ilk tapınıb-tutunduğumuz şəxs valideynlərimizdən biri, kimimiz üçün ətrafımızdakı özümüzə yaxın sandığımız bir başqası olur.
Adətən, balaca qızlar analarını yamsılayırlar, amma atalarına daha çox yaxın olurlar, tutunmaq hissləri bəzən yaşlarına uyğun qısqanclıqla da müşayiət olunur. Eləcə də oğlanlar, atalarını yamsılayır, amma analarına daha yaxın dayanırlar.
Bu hallar sonradan qızların atalarını, oğlanlarınsa analarını azacıq da olsa xatırladan insanlara can atmalarına gətirir, hətta ailə quracaqları şəxsləri də məhz bu şüuraltı ölçülərinə uyğun seçirlər.
Bağçada, orta məktəbin ibtidai siniflərində, yeniyetməlik və ilk gənclik illərində də bəyəndiyimiz, ruhumuza uyğun hesab etdiyimiz, bənzəməyə çalışdığımız ideallar olur.
Bu ideallar ən müxtəlif sferalara aid şəxsiyyətlərdir və xalqımızın dost haqqında söylədiyi məşhur məsəlini “idealını mənə göstər, sənin kim olduğunu deyim” kimi də dəyişə bilərik.

***
“Sovet ədəbiyyatı” deyilən, missiyası SSRİ kimi bir imperiyaya xitmətçi-intellektuallar hazırlamaq olan nəhəng mexanizm məhz hər bir sovet insanının bənzəmək istəməyə vadar olacağı obrazlar, xarakterlər yaratmaqla məşğul idi.
İnsafən, Qaydarın “Timur və onun komandası” – pionerlər, Fadeyevin “Gənc qvardiya”sı – komsomolçular, Polevoyun “Əsl insan haqqında povest”i – kommunistlər üçün əsl məktəb idi, insanın cəmiyyət üçün, Vətən üçün, yaşamağı, mübarizə aparmağı öyrənməsi üçün “master-klass” idi.
Elə 1941-45-ci il müharibəsində, alman körpəsini dağılmış, yanmaqda olan evin dağıntıları arasından çıxarıb, öz həyatını təhlükəyə atıb da bir düşmən körpəsini ölümdən qurtarmış sovet döyüşçüsünün “Xilaskar əsgər” heykəli də məktəb idi!
***
Amma həmin məktəbin pionerləri yandırdılar sonradan qalstuklarını, həmin məktəbin komsomolçuları tapdaladılar “VLKSM” nişanlarını, həmin məktəbin kommunistləri tüpürdülər partiya biletlərinə...

***

Çünki yaşadıqları real həyatın içində nə Timur vardı, nə onun komandası, nə gənc və mübariz, dost, Vətən yolunda sinəsini gülləyə verən qvardiyaçılar, nə də “Əsl insan”!
Heç sovet əsgəri də düşmən körpəsini odun-alovun içindən çıxardan birisi deyilmiş deyə anladılar insanlar, zatən, bu əsərləri oxuyub, filmləri izləyib sonra hərbi xidmətə yollanan heç bir Sovet gənci yanında və özündə ideal obraz kimi tanıdığı “Xilaskar əsgər”i görmədi.
Adi, sıradan oğlanlar idi, bütün qüsurları və genetik olaraq daşıdıqları az-çox müsbət keyfiyyətləri ilə.

***

İdealın sınması, bütün çiliklənib qırılması dəhşətli bir travmadır insan üçün!

Tam ruhunla inandığın, etibar etdiyin, bənzəməyə çalışdığın, ən pisi isə, hər zaman, hər yerdə, hər bir işdə səndən ən azından bir baş yüksəkdə dayandığından əmin olduğun ideal sarsılırsa, tapındığın büt sınırsa, sarsılmayasan, sınmayasan, çiliklənib qırılmayasan, neyləyəsən axı?!

Olur, biz siyasi partiyaların liderlərinə də beləcə tutunuruq, sevdiyimiz, xalqın mizan-tərəzisi olduğunu düşündüyümüz mətbu orqanlarının rəhbərlərinə də beləcə tapınırıq, ruhumuzun tək yazıçısına, şairinə də beləcə bağlanırıq, ölkə rəhbərinə də aşiq oluruq...

Amma bu dünyada hər kəs bizim qədər tapınmağa məcbur deyil bizim sevdiklərimizə axı?!

Və bir başqaları bizim sevdiklərimizin eyiblərini, qüsurlarını bizim qədər onlara tutunmuş deyillər deyə, gördükləri, bunu bizlərə dedikləri zaman özümüzdən çıxarıq, həmin insanlara savaşlar açarıq az qala, mütləq, mütləq onların tapındıqları bütləri, idealları tapıb biz də eynisini edərik – eyibləri, qüsurları deyərək!

Əslində isə anlamağımız yetər ki, bizim bütlər də bizim kimi insandırlar, onların da bizim kimi gündəlik fizioloji, psixoloji ehtiyacları, bu ehtiyacları ödəmək haqları var, əgər onlar sadəcə bizim bütümüz olduqları üçün özlərini sıxıb-sıxıb səcdələrimizə layiq bir obraza girməyə məcburdurlarsa, bu heç də onların sıradan ehtiyaclarının donması, ölməsi demək deyil.

Onların da bir başqa bütü sevib-tapınmaq haqları var hətta!!!

Və kimisinin içində tamah, kimisində xəyanət, kimisində rüşvətə, yaltaqlığa, kimisində cinayətkarlığa meyl varsa, bir gün mütləq üzə çıxacaq, mütləq!

İnsan təbiəti ruhundakı mələklik kimi, iblisliyi də həmən büruzə verəcək qədərdir əslində, bundan artıq deyil...

Və hər kəs də ətrafındakı kimlər üçünsə bütdür, idoldur, idealdır, kumirdir, mayakdır və s.

Bütün bütlərin isə bir gün mütləq sınmaq, qırılmaq haqqı var, unutmayaq.

Unutmayaq ki, onlar borclu deyillər pərəstişkarlarının ideallıq (idolluq) parametrlərinin çərçivələrinə sığıb dayanmağa, lütfən, onlara sınma haqlarını tanıyaq, azad buraxaq bütlərimizi özümüzdən!


Teqlər:  





Xəbər lenti