Şurik, bəlkə lazım deyil?

Şurik, bəlkə lazım deyil?
  12 İyun 2013    Oxunub:2024
Etibar Hüseynov

Mən həmişə demişəm ki, Azərbaycan müxalifətini parçalamaq istəyənlər onu birləşdirsinlər. Yəni bu adamlar ki, bir masa ətrafında oturdu -vəssəlam, qarşılıqlı söyüş, qarğış, təhqirin biri olur bir qəpik. Elə bu dəfə də belə oldu. Elan olunmamışdan adına “Milli Şurik” deyilən Milli Şurada baş verən komik səhnəciklər məşhur filmdəki epizodları geridə qoydu.
Məsəl var, “getmişdi kabab iyinə, gördü eşşək dağlayırlar”. Pənah Hüseyn də əvvəlcə kabab dalınca Milli Şuranın arxasınca düşmüşdü. Amma agah olanda ki, burada rus barmağı var, təcili ordan uzaqlaşdı. Bu projenin Rusiyada hazırlanmış bir layihə olmasını çoxları bildiyindən, elə bəri başdan ondan imtina eləmişdilər.

Şuranın elan olunmasına 1 gün qalmış muxalifətin ağır artilleriyası sayılan Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu və İlqar İbrahimoğlu Şuraya qoşulmayacaqlarını bəyan etdilər. Bundan bir qədər əvvəlsə Etibar Məmmədov, Zərdüşt Əlizadə və digərləri də bu qurumda iştirak etməyəcəklərini bəyanlamışdılar. Və imtina edənlərin də hamısı acıq şəkildə Rüstəm İbrahimbəyovu Rusiyanın adamı olmasını söyləmişdilər.

Nə isə, dediyim ondadır ki, muxalifətin qaymağı, smetanı sayılan bu şəxslər Şurada təmsil olunmaqdan imtina edən kimi yerdə qalanlar onları xain, satqın, “iqtidarın şpionları” adlandırdılar. Və başlandı - Cəmil Həsənli Arif Hacılını “anormal”, Arif Hacılı Leyla Yunusu “ləçər”, Rauf Arifoğlu isə Rüstəm İbrahimbəyovu “başıboş” adlandırdı.

Şurada kimlərin təmsil olunmasına diqqət yetirəndə isə bişmiş broyler toyuğunun da gülməyi gəlir. Kimlər yoxdu burada, ilahi. İllər boyu adı Rusiyaya, İrana, Avropa ölkələrinə nökərçilikdə hallanan kim varsa, toplayıblar bir yerə. Ən tragikomik olanı isə budur ki, Milli Şurada İslam Partiyası da təmsil olunub. O İslam Partiyası ki, ölkədə şəriət qanunlarının bərpası uğrunda mübarizə aparır. Şura öz bəyənnaməsini elan edərkən bildirmişdi ki, Avrointeqrasiya yönümlüdür. Yəni Avropa dəyərlərinə üstünlük verəcək. Bəs eləsə, İslam Partiyasının burada nə işi var? Mən hələ ruspərəst Lalə Şövkəti, avropapərəst Əli Kərimlini, amerikapərəst Rəsul Quliyevi, ermənipərəst Leyla Yunusu demirəm. Göründüyü kimi, bu atılmış və satılmışlar klubunda hər cür “pərəst” var. Bircə azərbaycanpərəst, türkpərəstdən başqa.

Elə Şuraya sədr secilən günün axşamı mətbuata Moskvadan müsahibə verən Rüstəm İbrahimbəyov bir gün sonra Avropa və Amerikaya mühüm görüşlər ücün yollanacağını açıqladı. Qəribədir, deyilmi? Mən heç cür anlaya bilmirəm - nədən prezidetliyə iddiasını ortaya qoyan birisi xalqına, millətinə üz tutmaq , onun içinə yollanmaq , ondan dəstək və rəğbət ummaq əvəzinə xaricə - İvana, Maykla, Corca üz tutur, onlardan dəstək almağa yollanır? Bəyəm səni hansısa Andrey və ya Corc seçəcək, yoxsa xalq? Öz xalqına qarşı bu qədər saymazlıq və xəyanət yolu tutan adamlar sonra da ondan səs istəyəcək. Hansı üzlə?

Hal-qəziyyə o yerdədir ki, Rüstəm İbrahimbəyov hələ ki müxalifətin başına ip kecirib, arxasınca sürüməklə məşğuldur. 20 ildir ki müxalifət düşərgəsində külüng vuran Əli Kərimli və İsa Qəmbərə sədr olmağı da bacardı. Əslində bu, minlərcə cəbhəciyə və musavatçıya təhqir və həqarətdən başqa bir şey deyil. Amma cəmisi 10 gün əvvəl İbrahimbəyov dalbadal verdiyi müsahibələrdə and-aman edirdi ki, bəs hec bir iddiası yoxdur. Və nə Milli Şurada sədr olmaq istəyir, nə də prezidentliyə namizəd. Amma dünən özünü Şuraya sədr seçdirən kimi anası erməni olan Leyla Yunus onun prezidentliyə də namizəd olmasını təkidlə tələb etdi. Təbii ki, Leyla Yunusun təklifi keçmədi. Çünki bu, elə həmin dəqiqə Şuranın dağılmasına səbəb olardı.

Bütün baş verənlər Milli Şurikin macəralarının heç də çox çəkməyəcəyinə dəlalət edir. Hamıya aydındır ki, Milli Şura prezidentliyə vahid namizəd irəli sürən kimi parçalanıb dağılacaq. Zatən bunu özləri də bilir. Ona görə də, qorxularından buna gedə bilmirlər. Seçkiyə 4 aydan da az vaxt qalır. Müxalifət düşərgəsi isə hələ ki bir kinoçəkənin Moskvada yazılmış ssenarisilə Şurikin “I əməliyyatı”nda oynamaqla məşğuldur. O kinoçəkənin ki, öz doğma qardaşı belə onu dəstəkləmir və ondan imtina edir. Belə ki, Maqsud İbrahimbəyov qardaşı olmasına baxmayaraq, Rüstəm İbrahimbəyova dəstək verməyəcəyini söyləyib: “Mən öz seçimimi etmişəm. Əvvəllər kimə səs vermişəmsə indi də ona səs verəcəyəm. Onu da hamınız tanıyırsınız”. O şəxs sözsüz ki, İlham Əliyevdir.


Teqlər:  





Xəbər lenti