“Azərbaycanın Qarabağdan da böyük problemi var, o da...”

“Azərbaycanın Qarabağdan da böyük problemi var, o da...”
  12 İyun 2013    Oxunub:1127
“Repetitor təhsilə arxadan vurulan bıçaq kimidir”
İyunun 10-da IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarında əldə etdikləri nəticələr açıqlanıb. Nəticələrə görə, IX sinif şagirdlərinin 87.45, XI sinif şagirdlərinin isə 60.71 faizi “2” alıb. Şagirdlərin təxminən yarısının aşağı nəticə göstərməsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Təbii ki, bu nəticə daha çox təhsil üzrə mütəxəssisləri narahat edir.

Təhsil üzrə ekspert, sabiq millət vəkili professor Şahlar Əsgərov AzVision.az-a açıqlamasında belə nəticənin olacağını əvvəlcədən bildiyini deyib:

-Mən 10 il bundan da əvvəl deyirdim və bu gün də deyirəm ki, təhsil sistemi dövlət qurumları arasında parçalanıb. Təhsil ip deyil ki, qırılanda yenidən bərpa edə biləsən. Ölkənin bir Qarabağ problemi var, amma ondan da vacib problem təhsil problemidir. O zaman çox deyirdim ki, bu gün bu vəziyyətə düşməyək, sözlərimə fikir vermədilər. Bu gün də bu vəziyyətlə qarşılaşdıq. Bu nəticəni əvvəldən görürdüm. Çox təəsüf edirəm ki, hay-küy içərisində düz söz eşidilmir.

Ş.Əsgərov açıqlamasında təhsil naziri Mikayıl Cabbarovun bütün şagirdlərə attestat verilməsi ilə bağlı təklifini də yüksək qiymətləndirib:

-Güman edirəm ki, yeni nazir təhsildə olan problemləri dəqiq öyrənib, düzgün qərarlar qəbul edəcək. Onun qərarlarının köməyi ilə təhsil sistemimiz bu bataqlıqdan çıxacaq. Bütün şagirdlərə attestatların verilməsi məsələsində nazir çox qeyri-standart və xoşagələn bir addım atdı. Əslində o, bu addımı atmamalı idi. Amma bir məsələ var ki, müəllimə şagirdlərə dərs keçdiyinə görə əmək haqqı varilir, bu əmək haqqı qarşısında heç bir nəticənin olmaması, yəni şagirdin nəticədə attestat almaması düzgün deyil. Vəziyyətdən çıxmağın yeganə yolu bu idi. Dövlətin büdcəsinin 20 faizi təhsilə xərclənib. Ortada da nəticə yoxdur. Buna kimsə cavabdehlik etməlidir, ya yox? Belə olduğu halda bu addım qeyri-standart addımlar atmaq lazımdır. Standart addımlar atılsa, heçnəyə nail ola bilməyəcəyik.

Təhsil eksperti repetitor hazırlıqlarının təhsilə böyük ziyan vurduğunu da qeyd edib :
-Həmişə demişəm, indi də deyirəm ki, repetitiorluq təhsilə arxadan vurulan bıçaqdır. Uşaqları repetitor yanına qoymaqla məktəbləri məhv edirlər. Amma yenə də Mikayıl Cabbarova ümid edirik.

Millət vəkili, Elm və Təhsil komitəsinin üzvü Kamilə Əliyeva da nəticələrdən təəssüf hissi keçirdiyini deyib :

-Belə bir nəticələrin olması çox təəssüf doğurur. Səbəblərdən biri kimi təhsildə olan boşluqlar, ana dilinə münasibət, yəni orta məktəblərdə ana dilinin aşağı səviyyədə tədris edilməsidir. Bu nəticələrdə təkcə müəllimləri qınamaq lazım deyil. Şagirdlərin, valideynlərin də günahları çoxdur. Hər bir azərbaycanlı öz ana dilini çox gözəl və mükəmməl bilməlidir. Valideynlər övladları ilə Azərbaycan dilində danışmalıdırlar. Əlavə xarici dil öyrənməyin əleyhinə deyiləm, amma hansı dili öyrənməkdən asılı olmayaraq, evdə ana dilində danışılmalıdır. Uşaq dil açanda ona hər sözü olduğu kimi demək lazımdır. Dəfələrlə şahidi olmuşam ki, uşaqlarla uşaq dilində danışırlar.

Ümid edirəm ki, yeni təhsil nazirimiz bu nəticələri nəzərə alacaq. Orta məktəblərdə Azərbaycan dilinin daha mükəmməl formada keçirilməsinə bundan sonra daha ciddi nəzarət ediləcək. Güman ki, gələn il buraxılış imtahanlarında Azərbaycan və ədəbiyyat üzrə çox gözəl nəticələr əldə edə biləcəyik.

Onun sözlərinə görə, nəticələrin aşağı olmasının səbəblərindən biri də repetitor hazırlığıdır.
-Bizim valideynlər bütün uşaqları ali məktəb səviyyəsində hazırlamaq istəyirlər. Bu yaxşıdır, amma nəzərə almaq lazımdır ki, bütün uşaqları repetitor yanına qoymaqla, eyni nəticəni əldə etmək mümkün deyil. Burada uşağın qavranma qabiliyyəti, bacarığı nəzərə alınmalıdır. Yoxsa ucdan-tutma bütün uşaqları repetitor yanına qoymaqla, yüksək nəticə əldə etmək absurddur. Bu səbəbdən də repetitorluğun əleyhinəyəm. İstərdim ki, hansı ixtisasa yiyələnməkdən asılı olmayaraq, bütün fənlər eyni dərəcədə keçirilsin, fənlərə münasibət eyni olsun.
Ümüd edirəm ki, yeni nazir təhsildəki boşluqların, narazılıqların aradan qaldırılmasına nail ola biləcək.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti