Əbülfəs Qarayev: “Biz də bu əməkdaşlıqda maraqlıyıq"

Əbülfəs Qarayev: “Biz də bu əməkdaşlıqda maraqlıyıq"
  14 İyun 2013    Oxunub:1587
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, Beynəlxalq "Avropa-Asiya" Humanitar Akademiyasının prezidenti Enqel Taqirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir UNESCO ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıqdan danışıb.

Bildirib ki, Nazirliyin xətti ilə gerçəkləşdirilən bir sıra layihələrdə təşkilat tərəfdaş kimi çıxış edir, lazımi dəstək nümayiş etdirir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə də UNESCO-nun yaxından iştirak etdiyini diqqətə çatdıran Əbülfəs Qarayev qeyd edib ki, qurum tərəfindən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna göstərilən dəstək qarşılıqlı səmərəli əməkdaşlığın sübutudur.

Nazir UNESCO-da Azərbaycana böyük maraq olduğunu vurğulayıb: "Bu mədəniyyət, təhsil, turizm və digər sahələrdə hiss olunur. Biz də bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıyıq. Beynəlxalq tədbirlərin təşkilində artıq uğurlu nümunələr ortaya qoya bilmişik".

Səmimi qəbula görə minnətdarlığını bildirən UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru Enqel Taqirov Bakıda olmaqdan məmnunluğunu ifadə edib.

Qeyd edib ki, Azərbaycanla həm UNESCO-nun, həm də institutun xətti ilə qurulan münasibətlər çox məhsuldar və əhəmiyyətlidir.

Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən qonaq peşəkar təşkilatçılığa görə Azərbaycan tərəfinə, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırıb.

Qonaq respublikamızın günü-gündən inkişaf etdiyini məmnunluqla qeyd edib: "Biz Azərbaycanda gedən inkişafa həm qibtə edir, həm də sevinirik".

Öz növbəsində Nazir bu inkişafın ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi böhranın, Qarabağ müharibəsinin insanlarda dərin ümidsizlik yaratmışdı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu vəziyyət dəyişdi, Azərbaycanın müstəqilliyi möhkəmləndi, ölkəmiz dirçəliş yoluna qədəm qoydu.

Görüşdə UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, akademiyanın prezidenti Enqel Taqirov tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının xüsusi diplomu və Fəxri akademik lenti təqdim olunub. Mükafata görə minnətdarlığını bildirən Əbülfəs Qarayev qeyd edib ki, rəhbərlik etdiyi Nazirlik bütün beynəlxalq təşkilatlarla, o cümlədən UNESCO ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Mirvari


Teqlər:  





Xəbər lenti