Afaq Bəşirqızı: “Hansı kişi gözəl arvad görəndə ağzının suyu axmaz?”-MÜSAHİBƏ

Afaq Bəşirqızı: “Hansı kişi gözəl arvad görəndə ağzının suyu axmaz?”-MÜSAHİBƏ
  24 İyun 2013    Oxunub:16545
Ötən il ürəyindən ağır əməliyyat keçirən xalq artisti Afaq Bəşirqızı mətbuatın gündəminə səhhəti ilə bağlı xəbərlərlə gəldi. Bir neçə dəfə əlaqə saxlayıb vəziyyəti ilə maraqlananda aktrisanın nədənsə narahat olduğunu hiss etdim. Hər zaman səhnədə, ekranlarda görməyə alışdığımız Afaq Bəşirqızının indi jurnalistlərədən qaçmağı mənə də maraqlı gəldi. Bu səbəbdən də zəng vurub onunla görüşmək istəyimi dilə gətirdim. Vaxt məhdudluğunu dilə gətirən aktrisa nəhayət ki, bir neçə zəngdən sonra görüşə razılıq verdi...
-Bu yaxınlarda TRT avazda bir mahnı oxudunuz : “Axtarın məni” Deyəsən, axtaranlarınız tükənib..

-O mahnını Aygün Səmədzadə və İsmayıl Dadaşov 50 illik yubileyimdə mənə həsr etmişdilər. Bu, həm də mənim istəyimlə olmuşdu, müştərək bir iş idi. Afişanın da adı belə idi: “O qızı tapın”. “Axtarın məni” sözünün də mənası həmin afişa ilə bağlıdır.
Həmişə deyirəm ki,bəzi vaxtlar olur ki,insan jurnalistlərdən, müsahibələrdən, telekanallardan, radiolardan qaçır. Bu sənətkarların adətidir. Vay o gündən ki, mən onların dalınca qaçım. Dəhşətli olan budur. Bir çox sənətkarlarımız istər sağlığında, istərsə də ölümündən sonra, çox tez unudulurlar.

Baxmayaraq ki, onlara korifey deyirlər, çoxlu sayda kinofilmlərə çəkiliblər,tamaşalarda rol alıblar,ən yüksək fəxri adlara layiq görülüblər. Mənim isə axtaranlarım tükənməyib, hələ ki, axtarırlar.

-Sizinlə bir neçə dəfə əlaqə saxlayıb səhhətinizi soruşanda hiss etdim ki,səsinizdə xoş olmayan bir ahəng var. Səhhətinizlə maraqlanmaq xoşunuza gəlmir ki?

-Sözün düzü,səhhətimlə bağlı bu qədər sual verəndə,maraq dairəsi olanda inciyirəm. Həqiqətən çox yaxşıyam. Bir də ki, bir xasiyyətim var, səhhətimdə hər hansı problem yaranarsa cəmiyyətə çıxmaram. Mən çətinliyimin, ağırlığımın ictimaiyyətə yayılmasını heç vaxt sevməmişəm, bunu ictimaiyyətlə bölüşməmişəm. Xəstə olarkən ANS-də palatadakı görüntümün yayınlanmasının 50 faiz lehinə idimsə, 50 faiz əleyhinə idim. Ona görə lehinə idim ki, artıq narkozdan ayılanda mənim üçün olan o narahatlıqlar, o zənglər, xəstəxananın həyətindəki insan axını, buna görə mən o vəziyyətdə dedim ki, yaxşıyam, bu,mənim üçün narahat olan insanları bir növ rahatlaşdırdı.

Amma heç istəməzdim ki,o görüntülər internetdə yayılsın. Həmişə belə şeylərin əleyhinə olmuşam. Həyatı şouya çevirmək olmaz. Ümumiyyətlə, şou sözündən acığım gəlir. Bu, nə bizim leksikonumuza daxil olan sözdür, nə də ki mentalitetimizə uyğundur. İndi isə çox təəsüflər ki, insan həyatının ən ağır anlarını şouya çevirənlər var.


Bəlkə də bu əməliyyat alın yazısı idi və bu yazıdan qaçmaq mümkün deyildi. Bəlkə də bu ağır əməliyyat bundan sonra da yaşamağıma, həyatı daha da sevməyimə təkan verdi.

-Afaq Bəşırqızı keçmişinə bağlı insandır, yoxsa onun üçün bu o qədər də əhəmiyyətli deyill?

- Keçmişə həmişə baxıram. Hər gün səhər açılanda dünənimə boylanıram,sonra gedirəm. İnsan öz keçmişini, öz dünənini unudursa, deməli, öz mənliyini, kimliyini unudur. İnsan əməllərini təhlil etmirsə, özü-özünün hakimi deyilsə, güzgüdə özünü görmürsə bu, böyük bəladır.

- İndiyənə kimi çox səhv etmisiniz?

-Səhvsiz adam yoxdur. Bəlkə də, səhvlərim bu dəqiqə mühakimə ediləsi hadisələrdən daha çoxdur. Amma səhvlər kiminsə həyatına ziyan vurmamaq şərtilə. Etdiyim səhvlər özümə aid olub və özümə zərbə vurub. Mən yenə də lazım olanda, o dırnaqarası səhvləri buraxıram.. Heç vaxt bu gün yaxşı, sabah pis ola bilmərəm. Dostum dostdur, tanışım tanışdır, düşmənim düşməndir. Dosta dost münasibətindəyəm, düşmənə düşmən. Lakin o düşmənin varlığını unutmuşam,onu birdəfəlik yaddaşımdan silmişəm. Və o da bunu bilir.

Həm də çox çox səbrli adamam. O ki, qaldı insan ürəyinə dəymə, insan itirmə, sənətkarı, dostlarımı itirmə mənə çox pis təsir edir. İradəmdən, əqidəmdən məni heç kim döndərə bilməz. Bu, xarakterimdir.

-Xarakteri dəyişə bilməsək də, amma zamanla davranışları dəyişirik. Davranışınızı tez-tez dəyişirsiniz?

Əlbəttə. Yeniyetmə, gənc və indiki yaş arasında olan o münasibətlər tam fərqlidir. O hərəkətlər, hətta deyib-gülməklər belə...

-Afaq xanım, zəhmli sifətiniz var...


-Bilirəm, hətta mənə deyirlər ki, o adama yovuşmazdır, çox sərtdir. Razıyam. Xarici görünüşüm bütün bu deyilənləri təsdiq edir ancaq məni tanıyan insanlar bilirlər ki, çox kövrəyəm. Ən acığım gələn xasiyyətimdir kövrəklik. Elə əsəbləşirəm, az qala özüm-özümü öldürəm ki, Afaq, niyə kövrəldin ,niyə gözün doldu?

Çox həssasam. Heç nə gözümdən qaçmır. 550 nəfərlik zala tamaşa oynayıramsa, 550 sifətin hamısını görürəm. Hərçənd bir dəfə də olsun, zala baxmıram.

-Zala baxmaq sizi sıxır ?

-Zala baxmaq məni sıxmır. Mənim zala baxmağımı tamaşaçı heç vaxt hiss edə bilməz. Bunu tamaşaçıya hiss etdirmirəm, amma tamaşaçının hansı ruhda olmağını bilirəm.

-Bəs kameranın obyektivinə baxmaq necə, sıxmır sizi?

- Kamera kameradır. Cavanlığımda kameradan çox qaçmışam. İndi də müəyyən kameralardan qaçıram. Hazırda ürəyimdən filmə çəkilmək keçir. Amma cavanlığımda istəmirdim. “Bəxt üzüyü “nə məni çəkənə qədər, nə çəkdilər onu Allah bilir. Çəkilməyə razılıq verdim, sonra kinonu yarımçıq qoymaq istəyirdim.

-“Bəxt üzüyü”ndən söz düşmüşkən, necə düşünürsünüz “Söylü”nü yaratdınız?

-“Söylü”nü Vaqif Səmədoğlu yaradıb.Səbəbkar odur. “Söylü”nün adını Vaqif fikirləşib və deyib ki, Afaq onu dünyaya gətirəcək.

-Heç “Söylü” ilə oxşar tərəfləriniz var, yoxsa obraz xatirinə oynamısınız?

-Yox, tam fərqli insanlarıq. Söylü mənim xarakterimin heç bir cizgisinə uyğun gəlmir.

-Sizcə,bu günün “Söylülər”i çoxdur, yoxsa “Sevdalar”ı ?

-Bunu uşağa da sual versəniz, deyəcək ki , “Sevdalar”

-Bəs “Moşular “ çoxdur ya “Rasimlər”?
“ Moşular”

-“Moşu” “xoşbaxtlıx,xoşbaxtlıx” deyə-deyə qaldı. Qafiyə niyə tamamlanmadı?

-Onun qafiyəsini tapmayanlar çoxdur, amma çox təəssüflər olsun ki, qafiyə tapanların yerlərini tutublar.

-“Afaq gülür- güldürür” layihəsinin davamı ola bilərmi?

-Yox. Heç bu barədə fikirləşmirəm. “Afaq gülür güldürür“ün bundan sonrakı yaradıcılıq proqramımda o dərəcədə sevimli olacağına şübhə edirəm. Bu, mümkün olan deyil, oldu-keçdi. Yaradıcılığımın elə bir dövrüdür ki, başqa janrlara köklənmək istəyirəm, drammatik,tragi-komediya,klassika ola bilər

-Falçılara inanırsınız? Özünüz falçı obrazında yaman aldadırdınız fağırları

-Deyirlər fala inanma, faldan da qalma. İnsanın həyatında elə dözülməz anlar olur ki,onu yaşamaq çox çətindir. İstəyirsən ki sabahı biləsən. Həyatında elə bir hadisə olur ki, istəyirsən ki, kimsə gəlib, səni yalandan aldatsın ki, yaxşı olacaq. Mən bu cəhətdən fala baxdıranlara bəraət qazandırıram. Ancaq unutmayaq ki, Allah bunu qadağan edib.


-Sizi ən çox kim güldürür?

-Oğlum Səmral. Səmralla bir yerdə olsam,24 saat güləcəm. Səmralın xasiyyəti başqadır. 2 nəvəm var. Bəşirin 10, Əhmədpaşanın 8 yaşı var. Bəşir oğluma oxsayır, oğlum atama. Əhmədpaşa tamamilə başqadır. Həyat yoldaşım Əhməd bəysiz isə bir günümüz olmasın.

- “Bala-başa bəla” da Suğra ilə nəsə bir oxşarlğınız var?

-Qızım, sən məni elə obrazlarla oxsadırsan ki, yaxşı ki, 33 ildir evliyəm, axırda məni kişiyə boşadacaqsan.. Oynadığım obrazlarla tamamilə fərqliyəm. Heç birində Afaq Bəşirqızı yoxdur.

-Əsəbinizi hay-küylə biruzə verirsiniz, yoxsa sakitcə ürəyinizə salırsınız?

-Çox zaman hay- küylə. Sözü tutdum və dedim . Əlbəttə kollektiv qarşısında çox nadir hallarda deyərəm.

-Teatrın problemləri niyə belə çoxdur?


-Cəftəsi olmayan qapını min dəfə döy, nə xeyri?

- Gənc aktyorlar yetişirmi?
- Aktyoru yetişdirmək lazımdır. Mən tələbə aləmilə qurtarmışam. 3 ildir ki artıq İncəsənət Universitetindən çıxmışam, Hazırda Bəşir teatrında bir sıra işlərim var.
“Xanuma”ya görə teatrın açılmağını böyük həvəslə gözləyirəm. İndi “7 ərli Hörmüz”də çəkilməyəm. Onu vaxtilə Türkan Şoray oynayıb. Hörmüz gözəldir, 7 əri var.. Hansı kişi gözəl arvadı görəndə ağzının suyu axmaz? Onda o, kişi deyil ki... Kişi gözələ baxar daa... Düzdür, burada Hörmüzlə Afaqın xətti tam fərqlidir.


-İndiki aktyorların bilik,bacarıq səviyyəsi sizi qane edir?

-İndi elə aktyorlar var ki, soruş ,Höte ilə Göte kimdir. Deyəcək ki, əkiz qardaşdır. 99 faiz adam himni bilmir, himnin sözlərini kim yazıb, bunları bilmir. Amma di gəl, efirdə çıxıb başlarından böyük danışsınlar. Bu da savadsızlıqdan irəli gəlir. İnsanın savadı olanda özü-özünü tanıyır.

-Səhnə fəaliyyətinizə nə vaxtdan bərpa edəcəksiniz?

-Oktyabr ayında “Xanuma“ rus və azərbaycan dilində, “7 ərli Hörmüz” və başqa bir layihə ilə qayıdacağam. Onu açıqlamaq istəmirəm.

-Bir neçə dəfə demisiniz ki, mən güclü qadınam. Amma bu gücün də bitdiyi zamanlar olur..
-O gücün nə vaxt bitəcəyini heç kim fikirləşmək istəmir, eləcə də mən. Sizə milyon faiz söz verirəm ki siz, məni gücsüz görməyəksiniz. Mən sizin yaddaşınızda həmişə belə qalacağam. Belə olmayanda siz məni görməyəcəksiniz.

Bu dəqiqə insanlarda o qədər pessimiz var ki, mənim pessimist olmağa haqqım yoxdur. Əksinə mən insanları həyata bağlamaq, sabaha inandırmaq üçün yaşamalıyam, güclü olmalıyam. İnsanı yaradan tanrı onu sevə sevə yaradıb.Özümüzü sevməməyə ixtiyarımız yoxdur. . Birinci özünü sevib, özünə qiymət verməliyik.Özünə qiymət verən qadından ər həmişə çəkinəcək.

Nihadə Eyyubova
Fotolar: Elnur Muxtar


Teqlər:  





Xəbər lenti