Azərbaycan iriçaplı patron istehsalına başlayır- FOTO

Azərbaycan iriçaplı patron istehsalına başlayır-  FOTO
  01 İyul 2013    Oxunub:1236
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvanda telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzinin açılışında iştirak edib.

Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 7 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqla təmin etmək üçün bir sıra işlər həyata keçirib.
Onlarla texnoloji avadanlıq, 1500-dən çox müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılıb.

Nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və sənayenin maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir.

Belə istehsalat sahələrindən biri də Şirvan şəhərindəki telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzidir.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı mərkəzi işə saldı və istehsal prosesini izlədi.

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidentinə məlumat verdi ki, burada il ərzində üçnövbəli iş rejimində üç növdə 7 milyon patron istehsalı nəzərdə tutulub.

Mərkəzdə quraşdırılmış 106 dəzgahın yarıdan çoxu Avropa ölkələrində hazırlanmış xüsusi texnoloji avadanlıqdır. Yeni istehsal sahəsində avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir.

Burada 264 nəfər ixtisaslı mütəxəssisin işlə təmin olunması nəzərdə tutulmuşdur. İşçilərə xarici mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilib.

Zavoddakı nəzarət-sınaq mərkəzi üçün yeni inzibati bina müəssisədə istehsal olunan xüsusi təyinatlı məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə, nəqliyyat silkələnməsinə dözümlülüyün yoxlanılması üçün nəzərdə tutulub.

Burada atəş sınaqları aparmaq üçün üç sahə yaradılıb. Sınaq atışları zamanı müxtəlif ölçülü güllələrin ballistik xüsusiyyətlərinin - təzyiq, sürət və atəşləmə sıxlığının yoxlanılması mümkündür.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.


Teqlər:  





Xəbər lenti