Jurnalistlər Bakıda bir araya gəlir

Jurnalistlər Bakıda bir araya gəlir
  12 İyul 2013    Oxunub:1375
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin jurnalistlərinin Bakı görüşü keçiriləcək.
AzVision.az-ın məlumatına görə, bu haqdaTərəfsiz Jurnalistlər Birliyinin keçirdiyi toplantıda məlumat verilib.

Təşkilatın sədri Elşad Eyvazlı “QDİƏT ölkələri QHT-ləri arasında əlaqələrinin gücləndirilməsində medianın rolunun artırılması” layihəsinin icrası, məqsədləri, görülən işlər haqqında məlumat verib.

Qeyd olunub ki, layihə çərçivəsində Türkiyənin paytaxtı Ankara şəhərində QDİƏT ölkələri QHT-ləri Forumunda həmin ölkələrin media nümayəndələri ilə görüş təşkil olunub.

Həmin toplantıda aparılan müzakirələr nəticəsində QDİƏT ölkələrini əhatə edən media şəbəkəsinin yaradılması qərara alınıb.

E.Eyvazlının sözlərinə görə, yaxın aylarda Bakıda həmin jurnalistlərin iştirakı ilə geniş toplantının keçirilməsi planlaşdırılır:

“Bir neçə ay sonra region jurnalistləri və QHT-lərinin birgə fəaliyyətinin əlaqələndirilməsi, bu şəbəkənin QDİƏT ölkələri QHT-ləri Forumuna hansı formada dəstək ola biləcəyi müzakirə etmək məqsədilə Bakıda ümumi toplantı keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, “QDİƏT ölkələri QHT-ləri arasında əlaqələrinin gücləndirilməsində medianın rolunun artırılması” layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının hesabına icra olunub. 3 ay davam edən layihə zamanı yaradılan beynəlxalq media şəbəkəsinin əsas məqsədi QDİƏT ölkələri QHT-ləri Forumunun işinə yardım etmək, qurumun fəaliyyətinin KİV-də işıqlandırılmasının koordinasiyasını təşkil etməkdən ibarətdir. Şəbəkəyə Azərbaycan, Rusiya, Türkiyə, Macarıstan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya, Ukraynadan jurnalistlər daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti