Səhvən Bakıya gələn erməni qaytarıldımı?

Səhvən Bakıya gələn erməni qaytarıldımı?
  26 İyul 2013    Oxunub:1398
Erməni mənbələrinin məlumatına görə Asatur Xaçatryan, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Ukraynanın Bakıdakı səfirliyinin Azərbaycan hökuməti ilə danışıqlardan sonra Ukrayna tərəfinə geri qaytarılıb və ilk reyslə Kiyevə yola salınıb.

Belə şeylər yalnız filmlərdə və ya nağıllarda olur. İyulun 22-də Asatur Xaçatryanın başına gələnlər isə fantastika janrındandır. Erməni bloggerlər Eldar Ryazanovun məşhur filmini xatırladan bu qəribə hadisə barədə iyulun 26-na keçən gecə məlumat yayıblar.
22 yaşlı İrəvan sakini Asatur Xaçatryan iyulun 22-də çamadanı yığaraq anası ilə xudahafizləşərək Kiyevə uçub. Bu zaman onun ağlına da gəlməzdi ki, başına belə iş gələcək...

Kiyevin Borispol hava limanında Ukrayna sərhədçiləri müəyyən ediblər ki, gənc erməninin sənədləri qaydasında deyil. Bundan sonra onu Ukraynadan deportasiya etmək qərarı veriblər. Amma onlar Xaçatryanı ya səhvən, ya da taleyin qismətindən lazımi təyyarəyə mindirməyiblər. Gənc erməni isə yanlışlıq ucbatından Moskvaya, oradan da Bakıya uçan təyyarəyə mindirilib. Xaçatryan gözlərini bir də Binə hava limanından açıb.

İyulun 26-da Bakı vaxtı ilə saat 1-də erməni bloggerləri məndən bunu dəqiqləşdirmək istəyirdilər: mənə və ya Bakıdakı digər jurnalistlərə bir növ Ryazanovun filmindəki sayaq, yəni çamadan kimi Azərbaycana göndərilmiş Xaçatryanın taleyi barədə bir şey məlumdurmu? Təbii ki, belə gec vaxtda mənim bu məsələ barədə nəsə öyrənməyim mümkün deyildi.

Erməni bloggerlər mənim “erməni mətbuatı Xaçatryanın İrəvana yox, Bakıya göndərilməyi barədə niyə heç bir informasiya yaymayıblar” sualıma çox qəribə və özünəməxsus cavab verdilər: İrəvanda qorxurlar ki, Bakıda hay-küy düşər, bu isə Xaçatryana ziyan olar. Halbuki elə həmin bloggerlər bu informasiyanı öz bloqlarında Xaçatryanın anasına istinadən artıq yaymışdılar.

Dünən, iyulun 25-də Ermənistanın Xarici İşlər Nazirliyi məsələni Ukrayna səfirliyi ilə dəqiqləşdirməyə çalışıb. DİN rəsmiləri, o cümlədən general Vladimir Qasparyan Xaçatryanın evinə gedərək onun anasını oğlunun müəmmalı şəraitdə yoxa çıxması, daha sonra Azərbaycana necə, hansı şəriatdə deportasiya olunması ilə bağlı sorğu-suala tutublar. Xaçatryanın anası isə yalnız bunu deyə bilib ki, oğlunu Kiyevdə Ukraynada yaşayan əmisi oğlu qarşılamalı imiş.

Lakin Şamşyan soyadlı erməni bloggerinin verdiyi xəbərə görə, Ukrayna ilə Azərbaycan arasında Xaçatryanın taleyi ilə bağlı məsləhətləşmələr başlayıb. Bloggerin iddiasına görə, rəsmi Bakı guya Xaçatryanı geri - Kiyevə elə günü bu gün qaytarmaq barədə öhdəlik götürüb. Erməni tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müraciət edib.

Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı bürosu mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova A.Xaçatryanın işi ilə bağlı artıq onlara müraciət edilməsi xəbərini təsdiq etdi. Onun sözlərinə görə, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb: “Bəli, erməni vətəndaş ilə bağlı bizə müraciət daxil olub. Biz də Azərbaycanın müvafiq hakimiyyət orqanlarına bu barədə məlumat ötürmüşük. Və hansısa araşdırmalardan əvvəl sizə bu haqda əlavə məlumat verə bilmərik”.

Bu arada Dövlət Sərhəd Xidməti və Azərbaycanın Xarici İşlər Nazirliyi xaçatryan barədə informasiyanı təsdiq etməyib.
E. Fətullayev / Haqqın.az


Teqlər:  





Xəbər lenti