Azərbaycanı Yaponiyada tanıdan alimin uğur sirri - MÜSAHİBƏ

Azərbaycanı Yaponiyada tanıdan alimin uğur sirri - MÜSAHİBƏ
  12 İyul 2016    Oxunub:15098
“Böyük qulaq və kiçik ağız uğurun açarıdır”

“Biz ən azı hər altı aydan bir Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dünyanın super güclərinə məktublar ünvanlamalıyıq”

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsi üzrə dünyada tanınan azərbaycanlı alim Xəlil Kələntər AzVision.az-ın suallarını cavablandırıb.

Məlumat üçün bildirək ki, X.Kələntər 1981-ci ildə Yaponiyaya köçüb. Kələntər Naqoya və Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir.

Azərbaycanlı alim LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır.




- Bu yaxınlarda Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmək üçün Bakıya gəlmişdiniz. Ümumlikdə, Qurultay necə keçdi, nəticələrdən razı qaldınızmı?

-Əvvəlcə, məni Dünya Azərbaycanlılarının IV Qurultayına dəvət etdikləri üçün Azərbaycan hakimiyyətinə təşəkkür edirəm. İlk dəfə idi ki, Azərbaycanlıların iclasında iştirak edirdim. Forum çox uğurlu keçdi. Hər kəs problemlərdən xəbərdar oldu.

- Azərbaycanın dünyadakı nüfuzunu necə dəyərləndirirsiniz?

-Bakını təxminən 10 il öncə ziyarət etmişdim. Bu dəfə Bakının gözəlləşdiyinin şahidi oldum. Bakıda hər şey sürətlə dəyişib. Ancaq inkişaf çox çətin bir possesdir. İnsanların inkişafı başqa bir problemdir. Televiziya, radio insanların dünya görüşünün inkişafına görə məsuliyyət daşıyır. Mediadakı proqramlara nəzarət ictimaiyyət üçün açıq olmalıdır. Bu, mədəniyyəti təbliğ etmək üçün çox vacibdir.

Fikrimcə, yüksək sənaye və texnologiya sahəsini inkişaf etdirməyin yolu kiçik sənayenin inkişafından başlayır. Biz kəskin baxışlar və inkişaf etmiş zehinlərlə yaxın ölkələrdəki vəziyyəti nəzərdən keçirməli və gələcək işimizi bu istiqamətdə qurmalıyıq.

- Uzun müddətdir ki, Yaponiyada yaşayan ziyalı kimi Azərbaycan-Yaponiya əlaqələri ilə bağlı fikirləriniz necədir? Sizcə bu iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır?

-İndiki vaxtda faydalı əlaqələrin qurulması üçün sərmayə qoyuluşu əsasdır. Yapon şirkətləri buna meyillidirlər. Azərbaycanda hazırda yalnız neft var. Azərbaycan bazarı Yaponiya şirkətləri üçün böyük deyil. Biz əvvəlcə toplaşıb qonşu ölkərlərdəki vəziyyəti müzakirə etməli, istehlakçları fikirləşməliyik. Daha sonra xarici bazarlara inteqrasiya etmək yolları üzərində düşünməliyik. Bundan sonra Yaponiya şirkətlərini ölkəmizə dəvət etməliyik. Bu şərtlər uğurlu iş qurmaq üçün çox vacibdir. Türk dilli ölkələrlə bütün sahələrdə əməkdaşlığımızı genişləndirməliyik. Daha sonra ümumi bazar formasında fəaliyyət göstərməliyik.

Azərbaycan sənayenin inkişafı üçün uğurlu yerdir. Bu, əlavə dəyəri yüksək olan məhsulların inkişaf etdirilməsini tələb edir. Həmçinin insanların çalışqan olmaları da əsas şərtlərdən biridir.




- Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ problemi yenidən dünyanın gündəminə gəldi. Buna baxmayaraq 20 ildən çoxdur ki, Qarabağ işğaldan azad edilməyib. Sizcə, münaqişənin həlli üçün hansı addımlar atılmalıdırlar?

-Hesab edirəm ki, biz ən azı hər altı aydan bir Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dünyanın super güclərinə məktublar ünvanlamalıyıq. Onlardan münqaşənin həll olunmamasının səbəbini soruşmaq lazımdır. Əgər onlar bizim problemimizi həlll edə bilmirlərsə, kənara çəkilsinlər, biz özümüz məşğul olacaq. Hesab edirəm ki, Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə biz daha da güclü olmalıyıq.

- Ermənistanın və Azərbaycanın dünyadakı yerini necə qiymətləndirirsiniz? Yaponiya inkişaf etmiş dövlət olaraq münaqişənin həlli dair hansı mövqeydən çıxış edir?

-Hazırda Yaponiya ilə dostluq əlaqələrinə sahibik. Amma görünür ki, Avropa və Amerika Birləşmiş Ştatları istiqamətində yaxşı münasibətlər qurulub. Amma Qarabağ münaqişəsinin həll edilməməsini onlardan niyə bir dost kimi soruşmuruq? Fikrimcə, onların ehtiyacları olan texnologiyaya biz sahib deyilik. Əgər belə bir texnologiyaya sahib olsaq, onlar bizə yardım edərlər. Digər hallarda ayrı-ayrılıqda bəzi dövlətlərdən xahiş edə bilərik ki, bizə yardım etsinlər. Məsələn, İtaliyanın adını çəkə bilərəm.

- Yaponiyada sadə insanlar Azərbaycanı tanıyırlarmı?

-Yaponiyada bəzi ziyalılar və bizneslə məşğul olan şəxslər Azərbaycan haqqında məlumata sahibdirlər. Adi insanlar isə Azərbaycan haqda heç nə bilmirlər.

- Yaponiyanın Azərbaycanın təhsil sistemini necə müqayisə edərdiniz?

-Yaponiya məktəblərində şagirdlərə cəmiyyət içində necə davranmaları və yaxşı dialoq mühiti qurmaq yolları aşılanır. Şagirdlər öyrənilər ki, kiməsə güvənmək, başqasından yardım istəməklə problemlərini həll etmək düzgün yol deyil. Onlar hər şeydən öncə bütün məsuliyyəti özləri daşıyırlar. Şagirdlərə məktəbdə öyrədilir ki, insanlarla kobud rəftar etmək, başqalarını narahat etmək olmaz.

Sizin müdir və ya menecer “sizi günahlandırmıram” deyirsə, cavab verilməməlidir. Onlar sizdən nəsə soruşsalar o zaman ən yaxşı cavabı verməlisiniz. Hər kəsin öz problemini özünün həll etməsi vacibdir. Böyük qulaq və kiçik ağız uğurun açarıdır.



- Uzun illərdir k, Azərbaycanda yaşamırsınız. Sizin üçün Azərbaycan sözü nəyi ifadə edir?

-Mənim köküm, fikirlərim Azərbaycana bağlıdır. Bu həqiqət həyatımın sonuna qədər dəyişməyəcək. Mən bir türk, Azərbaycan oğluyam. Yapon dili və mədəniyyəti də belə bir təməl üzərində inşa edilib.

- Xəlil Kələntərin uğurlu fəaliyyəti hər kəs üçün bir örnəkdir. Bəs, ailə başçısı kimi özünüzü necə xarakterizə edərdiniz?

-Bütün cəmiyyətlərdə özünəməxsus problemlər mövcuddur. Yaponiyada da, Azərbaycanda da müəyyən problemlər var. Amma bununla yanaşı problemlər də bir-birindən fərqlənir. Əsas olan həmin problemləri həll edə bilməkdir. Ailə və iş mənim üçün çox vacibdir. Amma iş daha məsuliyyətlidir. Çünki mənim inkişafım və böyüməyim sözün yaxşı mənasında xalqımı irəli çəkəcək.

- Sizi dünyaya tanıdan elmi uğurlarınızın sirri nədir?

-Həyat mənə çoxlu imkanlar bəxş edib. Bu imkanlardan faydalanmaq üçün güclü olmaq lazımdır. Bilirəm ki, bu yolda məni həm əziyyət həm də xoşbəxtlik gözləyir. Bundan əlavə olaraq eşitmək və fikirlərimi ifadə etmək üçün bir böyük qulağım var. Bu da mənim uğur sirrimdir. Sürətli çalışmaq istədiyiniz zaman sizə hər şey haqqında yavaş-yavaş düşünmək üçün vaxt lazımdır. Böyük qulaq və kiçik ağız mənim üçün əsas anlayışdır.

- Azərbaycanda çoxları bilməsə də, siz LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısınız.

-Mən maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıyam. Dünyada 67% paya sahib olmuşam. Hal-hazırda dünyada QD (Kvant Nöqtələri ) arxa işıqlandırma və maye kristal filtrlərdən istifadə olunmağa başlanıb. Maye kristal ekranlar yaxın gələcəkdə daha geniş formada istifadə olunacaq.

Mən LCD-lərin arxa işıqlarına müəyyən əlavələr etmişəm. Çoxlu sayda patent, məqalə və kitablarım var. Bütün həyatım boyunca işimə çox önəm vermişəm. Ruhum həmişə ac olub. Hər zaman, her yerdə maraq, kəşf, innovasiya barəsində düşünmüşəm. Mən onların məzmununu başa düşmək, anlamaq istəyirəm. Özüm üçün yeni bir konsepsiya kəşf etmək üçün əmək sərf edirəm. Mən yeni bir fikir ortaya çıxarmaq istəyirəm.

- Dövlət rəsmiləri ilə münasibətiniz necədir? İmpertorun olduğu ölkədə yaşamaq necə bir hissdir? 

-Mən özümü inkişaf etdirirəm. Bunun adı “özünüinkişaf”dır. İnsanın birinci özü biliyə sahib olmalıdır. Daha sonra digər biliklərə, texnologiyalara yiyələnməlidir. Bütün bunların vəhdəti mənə daha yeni idealar, innovativ texnologiyalara sahib olmağa kömək edir. İnsanlar iclaslarda, görüşlərdə bu cür düşüncə sahiblərinə ehtiram göstərirlər.



- Azərbaycandakı yüksək texnologiyalar sahəsini necə dəyərləndirirsiniz? Sizcə bu sahəni inkişaf etdirmək üçün əsas şərtlər nədən ibarətdir?

-Pulları olan insanlar yeni texnologiya almalıdırlar. Və aldıqları bu texnologiyanı kökünə qədər araşdırmalı və daha sonra öz şəxsi texnologiyalarını yaratmalıdırlar. Yəni orjinala oxşar texnologiyalar hazırlamalıdırlar. Bir daha demək istəyirəm ki, gənclər texnologiyanın imitasiyası ilə məşğul olmalıdırlarDemirəm ki, gənclər hansısa bir mürəkkəb texnologiyanı imitasiya etsinlər. Sadə bir təqlid də mümkündür. Gənclər bu yolla öz bilik səviyyələrini və vərdişlərini inkişaf etdirə bilərlər. Onlar yeniliklərə meyilli olmalıdırlar.

- Yeni hədəfləriniz nədən ibarətdir? Nə vaxtsa Azərbaycana gəlib, burada yaşamaq istəyirsiniz?

-Mən Azərbaycanda olan zaman iki ali məktəbdə təxminən bir saat yarım tələbələr qarşısında çıxış etdim, onlarla təcrübələrimi bölüşdüm. Müəllimlər və tələbələr məni maraqla dinlədilər. Yaxın gələcəkdə onlarla işləmək istəyirəm. Texnologiyanın inkişafı baxımından edilməsi vacib olan çox şeylər var. Əsas odur ki, gənclərdə bu sahəyə maraq yaranıb.

Azərbaycanda digər ölkələrdə olmayan, unikal texnalogiyalar yaradılmalıdır. Başqa ölkələr isə Azərbaycana pul ödəyərək bu analoqu olmayan texnologiyaları satın almalıdırlar. Baxın, mən o günü görməyi arzu edirəm!

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti