Azərbaycanlı alim Yaponiyada mükafatlandırıldı

Azərbaycanlı alim Yaponiyada mükafatlandırıldı
  09 Sentyabr 2016    Oxunub:2391
Maye Kristal Displey (LCD) texnologiyaları sahəsində uğurlu tədqiqatları ilə tanınmış azərbaycanlı alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri Xəlil Kələntər Yaponiya Maye Kristal Cəmiyyətinin (JLCS) xüsusi “Texnoloji İnkişaf Mükafatı”na layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Cəmiyyətin Osaka şəhərində təşkil edilən Beynəlxalq Maye Kristal Texnologiyaları Konfransında mükafat həmyerlimizə təqdim edilib. Konfransda əvəllcə Xəlil Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlara dair təqdimatla çıxış edib.

JLCS-nin prezidenti Hiroşi Şimizu bildirib ki, Xəlil Kələntər apardığı araşdırmalarla yalnız Yaponiyada deyil, eyni zamanda Amerika və Avropada da yaxşı tanınır. O, 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır.

X.Kələntər elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, 130-dan artıq elmi məqalənin müəllifidir. Məişətimizə geniş daxil olan LCD televizor, kompyuter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı olan X.Kələntər dünyanın məşhur universitetlərində bu mövzuda mühazirələrlə çıxış edib.

AzVision.az


Teqlər:





Xəbər lenti