İranın “15 qonşu” təxribatı – TƏHLİL

İranın “15 qonşu” təxribatı – TƏHLİL
  13 Avqust 2013    Oxunub:15658
İran Azərbaycana qarşı yeni təxribatlar yaratmaqda davam edir. İranın təbliğat maşınının savadsızlığı o həddədir ki, Azərbaycanla bağlı münasibətini birtərəfli hörmət siyasəti kimi təqdim edir: guya Azərbaycan İrana pislik edir, bunun əvəzində isə İran Azərbaycana yaxşılıq edir.

İranın qonşularının sayının 15 olması barədə İran Xarici İşlər Nazirliyinin və Azərbaycandakı səfirinin bir neçə dəfə səsləndirdiyi fikir Azərbaycanın ərazi bütövlüyünü tanımamaq siyasətinin İran tərəfindən yeni formada davam etdirməsi deməkdir. Bu, İranın Xarici İşlər naziri Ə.Salehinin kəşfidir.

İranın SSRİ dağıldıqdan sonra 13 qonşusu var: Körfəz üzrə İranın qonşuları - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əmman, Küveyt və Səudiyyə Ərəbistanı - cəmi 6 ədəd. İranın Qərb qonşuları: İraq və Türkiyə - cəmi 2 ədəd. İranın şərq qonşuları: Əfqanıstan və Pakistan - cəmi 2 ədəd. İranın şimal qonşuları: Azərbaycan, Ermənistan və Türkmənistan - cəmi 3 ədəd. Türkmənistan və Azərbaycan həm də İranın Xəzər dənizi üzrə qonşularıdır. Hesablayaq: 6+2+2+3=13. Başqa izah yoxdur.

Qonşularının sayı İranın qonşularının sayından çox olan xeyli dövlətlər var. İran qonşularının çoxluğu ilə öyünmək istəyirsə Naxçıvan və Qarabağsız da qonşularının sayını 16-ya çatdıra bilər. Bura Əbu Musa, Böyük Tumb və Kiçik Tumb adalarını əlavə etmək gərəkdir.

15 və ya əlavə 2 qonşu dedikdə İran Dağlıq Qarabağ və Naxçıvanı nəzərdə tutur. İran işğal olunmuş əraziləri və Naxçıvanı Azərbaycanın tərkib hissəsi hesab etmir. Rəsmi Tehran qonşularının sayı barədə məlumatları Azərbaycana yönəli məlumatlarda təkrarladığı halda qonşularının adlarını göstərmir. Cəmi bir dəfə Xəzər dənizi ətrafında qonşulardan söhbət açıblar. İran Xəzər dənizində yalnız Azərbaycan və Türkmənistanla qonşudur və bu iki dövlət 13 dövlətin siyahısına daxildir. İranın Xəzərdə davranışı bu dənizdə cəmi iki qonşuya hesablanıb.

İran Rusiya və Qazaxıstana qarşı konkret pay bölgüsü iddiasını ortalığa qoymur. İranın Xəzər dənizində payı 14%-dir. Azərbaycan, Türkmənistan və Rusiyanın hər birinin payları ayrılıqda 19%-dir. Xəzərdə ən böyük pay Qazaxıstana məxsusdur-29%. Azərbaycan İranın çatmayan 6% payını verməli, Xəzərin İran sektoru təxminən Bakının qənşərinədək çatmalıdır, əvəzində Azərbaycan Rusiya və Qazaxıstandan 7% pay tələb etməlidir. İran Qazaxıstanla həmsərhəddirsə Qazaxıstanın artıq 9% payından 6%-ni istəyə bilər. İstəməyibsə demək İran Qazaxıstanı qonşu hesab etmir.

Xəzərdə sərhədlə bağlı ilk insidentin (“Geofizik-3” gəmisi) müəllifi İrandır və o, bunu yalnız Azərbaycana qarşı edib. Qazaxıstan və Rusiya Xəzər dənizinin öz sektorlarında tam fəaliyyət sərbəstliyinə malikdirlər. İran Qazaxıstan və Rusiyaya bir dəfə də irad bildirməyib ki, siz İranın sektoruna yaxınlaşmısınız və ya sizinlə mübahisəli ərazimiz var.

İranı özünün iddia etdiyi kimi Xəzərdə 20%-lik paya malik dövlət kimi təsvir etsək də, yenə İran Rusiya və Qazaxıstanla həmsərhəd olmur.

İran Azərbaycanla quru sərhədinin uzunluğunu 380 kilometr olduğunu rəsmən bəyan etdi. Səfir M.Pakayinin Azərbaycan mətbuatında tirajlanan müsahibəsində İranın Azərbaycanla quru sərhədinin uzunluğu 380 kilometr kimi göstərilir. Azərbaycan BMT-də müstəqil dövlət kimi qeydiyyatdan keçərkən onun İranla müştərək quru sərhədinin uzunluğu 765 km göstərilib. 385 kilometrlik itki İranın Azərbaycanın tərkib hissəsi olan Naxçıvan və Azərbaycanın işğal olunmuş ərazilərini əhatə edir.

Bu, da bir daha təsdiq edir ki, İran Naxçıvan və işğal olunmuş əraziləri Azərbaycan Respublikasının tərkib hissəsi hesab etmək niyyətində deyil.

Mətbuatımız bir dəfə də İranın səfirindən soruşmayıb ki, 15 qonşu kimdir, 380 kilometr sərhəd haralardan keçir, niyə Ruhani Azərbaycan prezidentinin təbrik məktubuna cavabı çox gecikdirdi. Azərbaycanda bu məsələ qalxdıqdan sonra İran təşəkkür məktubu göndərdi.


Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin hesabatından
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:





Xəbər lenti