Niyə Cəmil Həsənli? – TƏHLİL

Niyə Cəmil Həsənli? – TƏHLİL
  26 Avqust 2013    Oxunub:3580
Cəmil Həsənli... Bu insan kim idi və kim oldu? O, gözəl müəllim, yaxşı alim, xoş insan və ortabab siyasətçi idi. Niyə ortabab? Çünki Cəmil Həsənlidə siyasi karyerası boyunca heç vaxt liderlik ambissiyası və keyfiyyətləri olmayıb; həmişə kölgədə qalmaqla, ikinciliklə-üçüncülüklə kifayətlənib; həddindən artıq yumşaq insandır, idarə edən yox, idarə olunan tipajdır. O, “siyasətdəki yaxşı adam” tipajı idi. Bəs indi gəlib kim oldu?

İkinci vahid namizəd

İndi Cəmil Həsənli Milli Şuranın ikinci, yaxıd ehtiyat vahid namizədidir. VAHİD namizədin nə demək olduğunu nəzərə alsaq, “ikinci vahid namizəd” ifadəsinin özü absurddur. Çünki vahid namizəd bir olar. İkinci vahid namizəd o deməkdir ki, vahid namizəd əslində yoxdur.

Niyə Cəmil Həsənlinin seçilməsi sualına aydınlıq gətirəndə milli şuradaklar belə arqumentlər səsləndirirlər: “O, gözəl ziyalıdır, yaxşı insandır, xalqın problemlərini bilir…” Lap yaxşı. İndiki vəziyətdə “ehtiyat vahid namizəd” o deməkdir ki, əgər sabah Rüstəm İbrahimbəyovun sənədləri düzəlsə, Cəmil Həsənli namizədliyini geri götürməlidir. Bir halda ki, Cəmil Həsənli gözəl ziyalı və yaxşı insandır, üstəlik xalqın probemlərini də bilir, niyə onu bu cür alçaldıcı şərtlərlə ehtiyat vahid namizəd seçirsiniz ki? Sabah Rüstəm İbrahimbəyovun sənədləri düzəlsə və Cəmil Həsənli seçki marafonundan çıxmalı olsa, bu, ona qarşı necə bir həqarət olacaq, anlayırsınızmı?

Hərçənd, Cəmil Həsənli üçün vəziyyət indi də haradasa aşağılayıcıdır. Yəqin, özünə hörmət qoyanheç bir iddialı siyasətçi bu şərtlə razılaşmazdı ki, “mən namizəd oluram, amma o birinin sənədləri düzəlsə, geri çəkiləcəyəm”. Buna razılaşmağının özü də təsdiqləyir ki, Cəmil Həsənli iddiasız və liderlik keyfiyyətləri olmayan siyasətçidir. Özünü lider kimi görən, bu potensialının olduğuna inanan şəxs belə oyuna qol qoymazdı. Amma Cəmil Həsənlidə bu, yoxdur. O, savadlı, sakit, təvazökar, amma üçüncü-dördüncü planlarda qalmağı qəbul edən insandır. Bu cür insanların funksiyası özü önə çıxmaq yox, varlığı ilə olduğu yerə xal qazandırmaqdır. Cəmil müəllim də həmişə belə olub.
Digər tərəfdən, bu cür insanları və siyasətçiləri yönəltmək asandır. Və yəqin ki, onun seçilməsində həlledici məqam da bu olub: Milli Şuranı hərlədənlərə asanlıqla idarə olunan şəxs lazım idi.

Onu kim seçdi?


Son bir ayda Milli Şuraya “Yeni Müsavat” qədər zərbə vuran ikinci bir media orqanı tapmaq çətindir. Qəzetin baş redaktoru Rauf Arifoğlu açıq deyirdi ki, bu, müxalifətin taixindəki ən ziyanlı birlikdir və ondan can qurtarmaq lazımdır.

Amma Cəmil Həsənli seçiləndən sonra Arifoğlu facebook-da belə bir status yazdı: “Artıq gündəmdə Putinin yox, Azərbaycanın layihəsidir. Biz çalışdıq, risqə getdik, hər birimiz üçün təhlükəli olan bir projeni, daha sonra isə "sabotaj heyəti"nin təxribatlarını durdurduq. Bundan beləsi fərqli olmalıdır”.

Ərdoğan demişkən, “one minute”. Demək, açıq etiraf olunur ki, Milli Şura Rusiyanın layihəsidir. İbrahimbəyov isə hələ də həmin Şuranın sədri və ƏSAS namizədidir. Amma Cəmil Həsənli də elə HƏMİN Milli Şuranın ehtiyat namizədidir də! Həm də onun namizədliyini “Rusiyanın adamı” Rüstəm İbrahimbəyov özü irəli sürüb. Eyni adamlar da təsdiqləyiblər. Bəs onda dəyişən nədir? Milli Şura necə, nə vaxt Rusiyaın layihəsindən dönüb Azərbaycanın layihəsi oldu? Rusiyanın “adamları” nə vaxt oradan qovuldular?

Namizəd necə seçilir?


Əgər məntiqlə yanaşsaq, vahid namizəd kiminsə məktubundan çıxmalı deyil. Normal halda rəy sorğusu, yaxud hansısa bir başqa metodla xalqın fikri öyrəniməlidir. Misal kimi Amerikadakı praymerizləri göstərmək olar. Cəmiyyətin kimə rəğbəti varsa, kimi müxalifətin lideri kimi görmək isəyirsə, onun da namizədliyi irəli sürülməldir. Amma vahid namizədin adı kiminsə məktubundan çıxırsa, hansısa kabinetlərdə müəyyən edilirsə, yenə də onu göstərir ki, bu namizəd də hansısa siyasi oyunların nəticəsidir.

Vahid namizədliyə adı hallandırılandigər şəxs – “Turan” agentliyinin direktoru Mehman Əliyev bir müsahibəsində niyə özünün yox, Cəmil Həsənlinini seçilməsini belə izah edir: “O, məndən daha mülayim adamdır”. Başqa sözlə, bu, elə o deməkdir ki, Cəmil Həsənlini idarə etmək daha asandır. Yəni bu prosesdə o, oynadılan, idarə edilən fiqurdur, lider deyil. “Lider”lər isə hiyləgərcəsinə qıraqda durublar.

İsrail dövləti yeni yarananda o vaxt dünyada hədsiz populyar olan Albert Eynşteynə onun ilk prezidenti olmağı təklif etmişdilər. Amma alim imtina etmişdi. Yəqin, yerinin harada olduğunu və harada olmadığını yaxşı bilirmiş. Gərək Cəmil Həsənli də bunu nəzərə alaydı…

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti