UFAZ-ın qəbul qaydaları açıqlanıb

UFAZ-ın qəbul qaydaları açıqlanıb
  02 İyun 2017    Oxunub:17668
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və ADNSU-nun rektoru Mustafa Babanlı iştirak edib. Konfransda çıxış edənlər 2016-cı ildən etibarən Bakıda fəaliyyətə başlayan UFAZ-ın ilk ilində əldə olunan nailiyyətlərdən danışıb, universitetin gələcək perspektivlərini müzakirə ediblər.

Mətbuat konfransında 2017-2018-ci təhsil ili üçün UFAZ-a tələbə qəbulu qaydaları elan edilib. Məlumat verilib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yalnız 1-ci ixtisas qrupu üzrə imtahanda 500 və daha artıq bal toplayan abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər. UFAZ-da tədris ingilis dilində aparılır, müsabiqə azərbaycan və rus bölmələri üçün açıqdır.

Qəbul imtahanı fizika, kimya, riyaziyyat, ümumi bilik bloku üzrə test, ingilis dili fənni üzrə inşa və çalışma formasında keçiriləcək. Universitetə qeydiyyat müsabiqənin nəticələrinə əsasən UFAZ-da yaradılmış komissiya tərəfindən aparılacaq. Onlayn qeydiyyat 12 iyun-17iyul 2017-ci il tarixlərində aparılacaq, ikinci imtahanda iştirak edən abituriyentlər üçün qeydiyyat 24-25 iyul saat 23.00-dək aparılacaq. İmtahan isə 27 iyul 2017-ci il tarixində keçiriləcək.

Mətbuat konfransında media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, UFAZ layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilib. 2016-2017-ci tədris ili üçün UFAZ-a 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 141 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişli, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alır. 2017-2018-ci akademik il üçün qəbul planı 160 yerdən ibarətdir, onlardan 120 nəfəri dövlət sifarişli, 40 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

Tədris Strasburq və Ren 1 universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılır. Təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: UFAZ  





Xəbər lenti