İvanişvili azərbaycanlı köməkçisindən danışdı

İvanişvili azərbaycanlı köməkçisindən danışdı
  05 Sentyabr 2013    Oxunub:1452
Gürcüstanın Baş naziri Bidzina İvanişvili bu gün jurnalistlər üçün mətbuat konfransı keçirib.
AzVision.az xəbər verir ki, baş nazir ölkə əhalisini oktyabrın 27-də keçiriləcək prezident seçkilərində fəal olmağa çağırıb, bununla səmərəli hakimiyyət yaradılmasının mümkün olduğunu qeyd edib. O demişdir ki, hazırda bütün qüvvələri prezident seçkilərinin demokratik, obyektiv, şəffaf və ədalətli keçirilməsinə yönəltmək lazımdır.

Baş nazir ölkədə siyasi spektrin və hökumətin tam sabitləşdiyi halda siyasətdən gedəcəyini qeyd edib.

Daha sonra isə baş nazir jurnalistlərin suallarını cavablandırıb. Azərbaycanlı kadrların dövlət strukturlarında təmsil olunmaları ilə əlaqədar suala cavab verən Baş nazir bildirib ki, bu yaxınlarda Savalan Mirzəyev milli məsələlər üzrə onun köməkçisi vəzifəsinə təyin olunub. Bu vəzifə nazir müavinindən yüksəkdir. Bidzina İvanişvili köməkçisinin çox böyük funksiyaya malik olduğunu deyib.

Baş nazir onu da diqqətə çatdırıb ki, kadrlar vəzifələrə milli mənsubiyyətlərinə görə deyil, peşəkarlığına, iş keyfiyyətinə görə təyin olunurlar. Yüksək peşəkarlıq qabiliyyətinə malik Gürcüstan vətəndaşları, milliyyətindən asılı olmayaraq bütün vəzifələri tuta bilərlər.

Torpaq bölgüsündə yol verilmiş haqsızlıqlarla bağlı Baş nazir Bidzina İvanişvili deyib ki, biz hər sahədə olduğu kimi, bu sahədə də ədalətsizliyin aradan qaldırılması üçün təsirli tədbirlər görürük. Proses davam edir, çox böyük ədalətsizliklərə yol verilmişdir, onu bir anda yoluna qoymaq asan deyildir. Əminəm ki, yaxın vaxtlarda nəticəni hiss edəcəksiniz.

AzVision.az


Teqlər:  





Xəbər lenti