Keçmiş tarix müəllimi prezident seçildi

Keçmiş tarix müəllimi prezident seçildi
  25 Noyabr 2024    Oxunub:315
Dünən Uruqvayda baş tutan prezident seçkilərinin ikinci turunda solçu müxalifətin namizədi, “Geniş Cəbhə (Frente Amplio)” Partiyasının təmsilçisi Yamandu Orsi qalib gəlib.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, keçmiş tarix müəllimi olan Yamandu Orsi 2015-2024-cü illərdə Kanelones departamentinin meri olub. Kampaniya zamanı onu təvazökar həyat tərzinə görə “dünyanın ən kasıb prezidenti” ləqəbli Uruqvayın keçmiş prezidenti Xose Muxika dəstəkləyib.

Bülletenlərin 98%-dən çoxu hesablandıqdan sonra Orsi 49,8%, onun rəqibi, hakim “Milli” Partiyanın namizədi Alvaro Delqado isə 45,9% səs toplayıb.

“Mən iqtisadi, sosial və siyasi baxımdan heç kimin heç vaxt geridə qalmadığı daha inteqrasiya olunmuş cəmiyyət və ölkə yaradan prezident olacağam”, - seçkilərin qalibi vəd edib.

Delqado seçkilərdə öz məğlubiyyətini etiraf edib. Prezident Luis Lacalye Pou da “X” sosial mediada Orsini qələbəsi münasibətilə təbrik edərək seçkiləri “demokratik və dinc” adlandırıb. Agentlik qeyd edir ki, seçki kampaniyası zamanı 57 yaşlı Orsi özünü “təhlükəsiz dəyişiklik” tərəfdarı kimi elan edib.

Onun hakimiyyətə gəlişi də iqtisadi inkişafla müşaiyət olunur. Belə ki, ölkənin Mərkəzi Bankı Uruqvay iqtisadiyyatının 2025-ci ilə 3,5% artacağını proqnozlaşdırır. Ölkədə işsizlik səviyyəsi son üç ilin ən aşağı səviyyəsinə - 7,3%-ə düşüb. Bundan əlavə, sərt pul siyasəti yüksək inflyasiyanı idarə etməyə imkan verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Uruqvay   Yamandu   prezident  





Xəbər lenti