Təhsil Nazirliyindən daha bir yenilik
Yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi kompyuterlər və ya planşetlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında "bulud" texnologiyalara keçidi tezləşdirəcək.
Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni "Təhsil Buludu"ndan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər.
Elektron təhsil texnologiyalarının tətbiqinin artırılması üzrə fəaliyyətlər çərçivəsində elektron vəsaitlərin işlənilməsi genişlənmiş, elektron təhsil (e-learning) resursları bazasının əsası qoyulmuş, distant təhsilin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilmiş, vahid təhsil portalı yaradılmış və ölkədə interaktiv tədris imkanlarından daha geniş istifadə olunması dəstəklənib.
Hazırda Milli Təhsil Portalında (www.edu.az) 8 fənn üzrə 122 resurs mövcuddur. Bunlara fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər daxildir. Eyni zamanda portalda Azərbaycan epistolyar irsi, Üzeyir Hacıbəylinin "Virtual muzeyi", Azərbaycan tarixinin canlı səsləri, "Language learning inserts", "Learning English" kimi elektron resurslarda yerləşdirilmişdir. Bu siyahıya ibtidai siniflər üçün hazırlanmış "İnfoko" resurslarını da misal göstərmək olar.
Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb.