Qida təhlükəsizliyinin əhəmiyyətindən danışıldı

Qida təhlükəsizliyinin əhəmiyyətindən danışıldı
  15 Yanvar 2018    Oxunub:1877
Yanvarın 15-də AMEA Kimya Elmləri Bölməsinin növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev son zamanlar ölkədə təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Alim bildirib ki, ictimai həyatın bütün sferalarında təhlükəsizliyin təmin olunması ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

R.Əliquliyev Azərbaycanda son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlərin əldə edildiyini qeyd edib. Dövlət başçısının ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin, eyni zamanda Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı imzaladığı Fərmanın bu istiqamətdə əhəmiyyətli addımlardan olduğunu vurğulayıb.

AMEA-nın akademik-katibi qeyd edilən sahədə dünya təcrübəsindən də söz açaraq Rusiya Elmlər Akademiyasında qida kimyası ilə bağlı laboratoriyaların fəaliyyət göstərdiyini, elmi-nəzəri tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasının zəruriliyini vurğulayan akademik R.Əliquliyev bu sahədə kimya elmləri istiqamətində fəaliyyət göstərən alim və mütəxəssislər qarşısında xüsusi vəzifələrin dayandığını qeyd edib. Alim ölkədə qida kimyası sahəsində fundamental tədqiqatların aparılmasının vacibliyini önə çəkib.

AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti