Fariz Məmmədov Matias Pelkə qarşı - FOTOLAR

Fariz Məmmədov Matias Pelkə qarşı - FOTOLAR
  15 Dekabr 2013    Oxunub:2632
Qəbələdə peşəkar boksçular arasında İBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşlər keçirilib.
Dünən gecə saat 23:00-da Qəbələ Olimpiya İdman Kompleksində peşəkar boksçular arasında İBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşlər başlayıb.

AzVision.az xəbər verir ki, kəmər uğrunda və reytinq xarakterli ilk döyüş 91 kq-dan yuxarı çəki dərəcəsində olan idmançılar arasında olub.

Azərbaycan boksçusu Elçin Əhmədov və Latviya idmançısı Yanis Qinter arasında dörd raunddan ibarət olan döyüşün sonunda həmyerlimiz xal hesabı ilə rəqibindən üstün olaraq yarışı qalib başa vurub.

İkinci döyüş 72,5 kq çəki dərəcəsində olan idmançılar arasında olub. Rinqə azərbaycanlı Vüsal Əliyev və albaniyalı Armand Tsullhay çıxıb. Altı raunddan ibarət olan və çox gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan idmançısının qələbəsi ilə başa çatıb.

Reytinq xarakterli üçüncü görüşdə isə 79,8 kq çəki dərəcəsində mübarizə aparan idmançılar rinqə çıxıb. Azərbaycanı təmsil edən Rəşad Kərimov ilə Kuba idmançısı Mixel Velozonun qarşılaşması 6 raunddan ibarət olub. Bu döyüşdə Kuba idmançısı qələbə qazanıb.

Daha sonra 91 kq-dan yuxarı çəkisi olan peşəkar boksçular arasında WBCA-nın İntercontinental titulu uğrunda görüş keçirilib. Türkiyəli Yaqub Sağlam və ukraynalı Roman Qolovaşçenko arasında keçən 12 raundluq döyüş ukraynalı boksçunun qələbəsi ilə başa çatıb.

Dekabrın 15-də gecə saat 00:20-də isə Avropa boks ictimaiyyətinin diqqət mərkəzində olan ən maraqlı döyüş başlandı.

Azərbaycanı və "Qəbələ"ni peşəkar boksda təmsil edən Fariz Məmmədov ( 66,8 kq) IBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda almaniyalı boksçu Matias Pelk ilə qarşılaşıb.

Azərbaycanın peşəkar boks tarixində ilk dəfə 2 kəmər uğrunda təşkil edilən bu döyüş çox gərgin idman mübarizəsi şəraitində keçdi və maraqlı anlarla yadda qaldı.

Yarışdan əvvəl azarkeşlərə məlumat verildi ki, almaniyalı boksçu Matias Pelk indiyədək keçirdiyi 20 döyüşün hamısını qələbə ilə, 11-ni isə nokautla başa vurub. Fariz Məmmədov isə 16 döyüşdən 14-də qalib gəlib, birini uduzub, bir görüşdə isə heç-heçə qeydə alınıb.

“Eurosport” kanalının canlı yayımladığı peşəkar boks yarışının 1, 2 və 3-cü raundları Fariz Məmmədovun üstünlüyü şəraitində davam edib. Fariz Məmmədov birinci raundda rəqibini naqdaun vəziyyətinə də saldı. O, 4 və 6-cı raundlarda da bir neçə dəfə rəqibinə ağır zərbələr endirsə də, fiziki yorğunluğu səbəbindən 12 raundluq döyüşü tam başa çatdıra bilmədi. Fariz Məmmədov 8-ci raundda döyüşü dayandırdı.

Görüşü qələbə ilə başa vuran almaniyalı boksçu Matias Pelk IBF və WBO versiyaları üzrə iki Avropa kəmərinə sahib oldu.

Qəbələ Olimpiya İdman Kompleksində keçirilən yarışı izləyənlər arasında Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, eləcə də Olimpiya çempionları Fərid Mansurov, Elnur Məmmədli və digər tanınmış idmançılar var idi.

AzərTAc

Qalereya




Teqlər:





Xəbər lenti