Bu il Avrokuboklarda necə büdrədik

Bu il Avrokuboklarda necə büdrədik
  17 Dekabr 2013    Oxunub:1358
Orxan Sübhan

Qitəmiqyaslı futbol turnirlərinin cari mövsümündə qrup mərhələsinin oyunları yenicə yekunlaşsa da, azərbaycanlı futbolsevərlər 2014-cü ilin yay fəslini artıq indidən böyük səbirsizliklə gözləyirlər. Səbəb klublarımızın həm Çempionlar Liqasının, həm də Avroliqanın təsnifat mərhələsindəki çıxışlarına olan maraqdır.
Onları indidən 2 sual maraqlandırır: Görəsən, yeni avrokubok mövsümündə Azərbaycanı hansı komandalar təmsil edəcək və onlar necə çıxış edəcəklər?

Xatırladaq ki, hər mövsüm ölkəmizi qitə miqyaslı turnirlərdə 4 komanda təmsil edir ki, bunlardan biri Çempionlar Liqasında, üçü isə Avroliqada yarışmaq hüququ qazanır.
İndiyədək Azərbaycan klublarından “Neftçi” istisna olmaqla, heç biri qrup mərhələsinə vəsiqə qazana bilməyib – “Ağ-qaralar” 2012-ci ildə Çempionlar Liqasında mübarizəyə başlasa da, 1 mərhələ keçdikdən sonra uduzduğundan, Avroliqanın pley-off mərhələsində Kiprin “APOEL” kollektivini mübarizədən kənarlaşdırmaqla qrup mərhələsinə vəsiqə qazanmışdı.

Bundan başqa, daha iki komandamız müxətlif vaxtlarda qrup mərhələsinə vəsiqə qazanmağa yaxın olub. 3 dəfə Ağdamın “Qarabağ”, bir dəfə isə Bakının eyni adlı komandası son anda öz arzusunun üstündən xətt çəkib. “Qarabağ”ın qarşısını 2009-cu ildə Hollandiyanın “Tvente”, 2010-cu ildə Almaniyanın “Borussiya” Dortmund, 2013-cü ildə isə bu ölkənin “Ayntraxt” klubu kəsib. İsveçrənin “Bazel” kollektivi isə 2009-cu ildə “Bakı”nın qrup mərhələsinə düşmək arzusunu puça çıxarıb.

Artıq Topaz Premyer Liqasında 16 tur arxada qalıb. Düzdür, turnir cədvəlindəki hazırkı duruma görə yeni mövsümdə Avrokuboklarda ölkəmizi hansı komandaların təmsil edəcəyini indidən söyləmək çətindir. Amma Azərbaycan futbolunun reallıqlarını nəzərə alsaq, indiki halda ilk 3 pillədə qərarlaşan klublar – “Qarabağ”, “Qəbələ” və “Neftçi” qeyri-adi bir şey baş verməsə, avrokublarda iştirak edəcəklər. Sual doğuran məqam kimin hansı əyarlı medal qazanacağındadır.

Kubok faktorunu nəzərə almasaq, “İnter” və “Bakı”nın ikisindən biri 4-cü olmaqla beynəlxalq arenada ölkəmizi təmsil etmək gücündədir. Amma Mustafa Dənizlinin gəlişi ilə iddiaları artan “Xəzər Lənkəran”ın şansı ola bilər. Hərçənd, onun çempionatdakı durumunu nəzərə alsaq, diqqətini daha çox Azərbaycan Kubokuna yönəldəcəyini unutmaq lazım deyil.


Teqlər:





Xəbər lenti