“Azərbaycanda 30 yaşa kimi elmlər doktoru yoxdur”
AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı deyib.
O bildirib ki, statistik rəqəmlərin təhlili maraqlı nəticələri ortaya çıxarıb. Nazir müavinin sözlərinə görə, keçən il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru olmayıb, fəlsəfə doktorlarının sayı isə cəmi 46 nəfər (0,48%) olub. C.Bayramov qeyd edib ki, mövcud elmi potensialın qorunub saxlanması və gənc kadrların hazırlanması ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biridir:
“Doktorantların səmərəli fəaliyyət göstərməsi üçün ali məktəblərdə bir sıra tədbirlər həyata keçirilir. Gələcəkdə daha gənc insanların elmə gəlməsi üçün mühüm işlər görülməlidir”.