Sülhəddin Əkbər partiyasının adını dəyişməyə niyə tələsir?

Sülhəddin Əkbər partiyasının adını dəyişməyə niyə tələsir?
  22 Dekabr 2013    Oxunub:1067
Rəsul Quliyevin keçmiş partiyası adını dəyişir.
Dekabrın 22-də Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin son sessiyası keçirilib. Sessiyada partiyanın növbəti qurultayının çağırılması barədə qərar verilib və qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. AzVision.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a ACP sədri Sülhəddin Əkbər məlumat verib.

Onun dediyinə görə, qurultayın keçirilməsinə hazırlıq işləri üçün üç ay vaxt ayırılıb: “Təbii ki, sessiyada ictimai-siyasi vəziyyət, keçilən yol, yaxın perspektiv məsələləri də müzakirə olundu. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradıldığı üçün nizamnaməyə uyğun olaraq partiyanın bütün seçkili orqanları buraxıldı. Bütün səlahiyyət qurultaya hazırlıq üzrə təşkilat komitəsinə verildi. Eyni zamanda təşkilat komitəsinə qurulaya hazırlıq işlərini tamamlamaq üçün üç aylıq müddət verildi”.
Sessiya başa çatdıqdan sonra qurultaya hazırlıq üzrə təşkilat komitəsinin ilk yığıncağı keçirilib və Sülhəddin Əkbər komitənin sədri seçilib.
Xatırladaq ki, ACP 6 il əvvəl təsis olunub və bir neçə ay öncəyə qədər Rəsul Quliyev bu partiyanın lideri olub. 6 il keçməsinə baxmayaraq ACP dövlət qeydiyyatına alınmayıb. Partiyanın qeydə alınmaması onu rəsmi axtarışda olan Rəsul Quliyevin yaratması ilə əlaqələdir. Elə görünür bu səbəbdən də Sülhəddin Əkbər ACP-nin adının dəyişdirilməsinə çalışır. Bir həftə öncə bizə açıqlamasında da S.Əkbər partiyanın tamamilə yenidən qurulacağını və adın dəyişilməsi məsələsinin də müzakirə ediləcəyini demişdi: “Bütün məsələlər, o cümlədən partiyanın qeydiyyatı məsələsi, ad məsələsi qurultaya hazırlıq üzrə təşkilat komitəsində müzakirə olunacaq. Hər hansı bir razılığa gəlinsə, bu təklif təşkilat komitəsinin adından qurultaya təqdim olunacaq. Son qərarı da qurultay verəcək. Bir çox ciddi məsələlər müzakirə olunacaq. Ola bilsin ki, ad məsələsi də müzakirə olunsun”.
22 dekabr sessiyasında isə S.Əkbərin dediyinə görə, partiyanın adının dəyişdirilməsi barədə müzakirə aparılmayıb: “Müzakirələr qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yığıncaqlarında başlayacaq”.


Teqlər:  





Xəbər lenti