Əli Həsənov: Bütün milli azlıqlara hörmət aşılayırıq
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri bildirib ki, milli, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının cəmiyyətimizdə bərabərliyi təmin edilib. Eyni zamanda, Azərbaycanda bütün millətlərin nümayəndələrinin ölkəmizin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılıb. Bu, Azərbaycanı digər dövlətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Ümummilli lider Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda yaşayan milli, dini azlıqlar bizim milli sərvətimizdir.
Əli Həsənov bildirib ki, bəzi ölkələrdə, o cümlədən bir sıra postsovet dövlətlərində yaşayan azərbaycanlılara qarşı heç də eyni münasibət göstərilmir. Bəzən onların milli vətəndaş hüquqları kobud şəkildə pozulur, bəzi hallarda postsovet ölkələrinin dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibət nümayiş etdirir. Bu anlamda Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən əsaslı şəkildə fərqlənir.