İlk dövrənin çempionluq şansları – TƏHLİL

İlk dövrənin çempionluq şansları – TƏHLİL
  29 Dekabr 2013    Oxunub:1609
Topaz Premyer Liqasının qış fasiləsinə qədərki hissəsindən danışanda, bu dəfə də əsas suala cavab axtarmaqdan yan keçmək olmaz: Görəsən, çempion kim olacaq?

Amma çempionatın sonuna hələ uzun müddət qaldığından arzulanan hədəfə hansı Komandanın çatacağını proqnozlaşdırmaq asan deyil. Deməli, indiki halda “kim mövsümü necə keçirdi” sualı ətrafı düşünməyin vaxtıdır.

“Qarabağ”: “Köhlən atlar” at ilinə sürətlə gedir

Qış fasiləsinə lider kimi yollanan “Qarabağ” qızıl medalları qazanmağa ən real namizəd sayılır. Oyun planında rəqiblərini üstələyən bölgə təmsilçisinin çempionatın ən az məğlub olan (2) komandası olması qızıl medallara iddia etməyə əsas verir. Kollektivin anlaşmasının yüksək səviyyədə olması ilə yanaşı, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yetirmələrini çətin duellərə yaxşı kökləmək bacarığının olması da ağdamlılar üçün əlavə üstünlükdür. “Ekvator xətti”nə birinci çatmaq psixoloji cəhətdən də “Qarabağ”ın qış fasiləsinə rəqiblərindən üstün yollanmasına zəmin yaradıb.

“Qəbələ”: Birincidən çox qələbə qazanan ikinci

Baş məşqçi postuna tanınmış rusiyalı məşqçi Yuri Syomini gətirən “Qəbələ”nin cari mövsümdə iddialı olacağı əvvəldən məlum idi. Premyer Liqanın geridə qalan hissəsində ikinci pillədə qərarlaşan şimal təmsilçisinin əsas hədəfi Avroliqaya vəsiqə olduğundan komandanın düzgün yolda olduğunu düşünməyə əsas verir. “Qırmızı-qaralar” üçün yeganə xoşagəlməz məqam əsas rəqibləri olan “Qarabağ” və “Neftçi”yə hər iki oyunda məğlub olmasıdır.

“Neftçi”: Bir addım irəli, iki addım geri

Qış fasiləsi ərəfəsindəki son turda AZAL-a yenilməklə ilk pilləni “Qarabağ”a təhvil verməklə üçüncü pilləyə geriləyən flaqman geridə qalan 18 tur ərzində dəfələrlə “Qarabağ”la yerini dəyişsə də, sonda “Qəbələ”ni də özündən irəli buraxdı. Düzdür, “ağ-qaralar”ın rəqibləri ilə xal fərqi böyük olmasa da, son çempionun qeyri-sabit çıxış etməsi nikbin düşünməyə əsas vermir. Yarımmüdafiə və hücum xəttində problemləri gözə dəyən son çempion bu çatışmazlıqları aradan qaldırmasa, ardıcıl dördüncü çempionluq istəyi baş tutmayacaq.

“İnter”: Qızıla imkanı çatmayan “bankir”

“Bank təmsilçisi” cari mövsümə o qədər pis başlamışdı ki, indiki halda “İnter”in dördüncü olmasını yaxşı nəticə kimi qiymətləndirmək olar. Amma bununla belə, “İnter”in çempionluq imkanlarının böyük olmasından söhbət gedə bilməz.
Hər halda, hazırda 27 xala malik olan Kaxaber Tsxadadzenin komandasının “Qarabağ”dan 9, “Qəbələ”dən 8, “Neftçi”dən isə 7 xal geri qalması çox şeydən xəbər verir. Düzgün taktika və ağıllı oyun nəticəsində liderlər qrupunda yer alan “bank təmsilçisi” çempionluğa real namizəd hesab olunmasa da, əlindəki “material”dan yaxşı istifadə etmək bacarığı ilə seçilən Kaxaber Tsxadadzenin komandanı Avroliqaya daşıması dəryada balıq sevdası sayılmamalıdır.

“Bakı”: Baş tutmayan arzular

Ötən mövsümü boşa verən “Bakı”nın cari birincilikdə indikindən daha yüksək pillədə qərarlaşacağını ehtimal edənlər az deyildi. Nə də olsa, komanda ölkə səviyyəsində ulduz sayılan oyunçularla güclənmişdi. Amma bütün bunlar komandanın çempionluğa oynamasına yardımçı olmadı. Düzdür komanda hazırda turnir cədvəlinin 5-ci sırasındadır və qızıl medalları qazanmaq iddiası da davam etməkdədir. Amma paytaxtın eyniadlı komandası rəqiblərini özündən xeyli irəli buraxdığından “Bakı”nın çempionluq şanslarından ehtiyatla danışmaq zorundayıq. Çempionatın geridə qalan hissəsində qeyri-sabit çıxış edən “zolaqlılar” bu cür davam etsə, Avroliqaya vəsiqə qazanmaq iddiasının da üstündən xətt çəkməli olacaq.

“Simurq”: Liderlərə ən az məğlub olan komanda

Ötən mövsümün gedişində liderlər qrupunda yer alan və bir müddət çempionatın lideri olan “Simurq” bu mövsüm ötən “futbol ili”ndəki görüntüsündən uzaqdır. Ötən birinciliyi dördüncü sırada tamamlayan Zaqatala təmsilçisi hazırda altıncı olduğundan və mövsümün sonuna xeyli vaxt qaldığından “sarı-qaralar”ın nəticəsində ciddi fərqin olmayacağını düşünmək olar. Bəlkə də məlum səbəbdən ev oyunlarını Bakıda keçirən Georgi Çixradzenin yetirmələri rəqiblərini doğma publika qarşısında qəbul etsəydi, hər şey daha yaxşı olardı. Amma bununla belə, turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan “Qarabağ”, “Qəbələ” və “Neftçi” ilə qarşılaşmalarda ən az məğlub olan kollektiv olan “Simurq”un asan təslim olmayan komanda imicini qoruyacağı asan proqnoza gələn məsələdir.

AZAL: Uçuş zolağından qalxa bilməyən təyyarə

Yəqin ki, ən nikbin azarkeşlər belə, AZAL-dan çempionluq gözləmir. Bu, Vaqif Sadıqovun komandası turnir cədvəlinin ilk pilləsində olanda da belə idi, indi də. Komanda rəhbərliyinin büdcəyə məhdudiyyət qoymasını və “təyyarəçilər”in heyət baxımından problem yaşamasını da nəzərə alsaq, paytaxt klubunun çempionluq istəyində olmamasını normal qarşılamaq olar. Amma bununla belə,Topaz Premyer Liqasının arxada qalan iki dövrəsinin ardından turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan “Qarabağ”, “Qəbələ” və “Neftçi” ilə qarşılaşmalarda ən yaxşı nəticənin AZAL məxsus olması alqışlanmalıdır. Məlumat üçün bildirək ki, “təyyarəçilər” liderlərlə 6 matçda 7 xal toplayıb. “Neftçi” (2:1) və “Qarabağ” (1:0) üzərində qələbələri olan Vaqif Sadıqovun yetirmələri sonuncularla heç-heçə də edib – 1:1. Ağdam təmsilçisinə uduzmayan AZAL “Qəbələ”dən xal ala bilməyib.

“Xəzər Lənkəran”: Ötən günlərimi qaytaraydılar

Bir neçə il öncə lənkəranlılar ölkə səviyyəsində əzəmətli, fərqli oyun üslubu ilə seçilən qarşısıalınmaz komanda hesab olunurdu. Amma sözsüz, indi bu epitetləri “Xəzər Lənkəran”a yaraşdırmaq olmur. Qış fasiləsinə üç tur qalmış baş məşqçi postuna gətirilən Mustafa Dənizlidən çempionluq gözləmək yersizdir. Komanda ən yaxşı halda Avropa Liqasına qatıla bilər ki, bunun özü də asan tapşırıq sayılmır. Bu mövsüm həm də gələn “futbol ili”nin komandasını formalaşdırmalı olan Mustafa Dənizlinin “gəmiçilər”i dənizdə batırıb-batırmayacağını gələn mövsüm görəcəyik.

“Rəvan”: İşləri rəvan getməyən kollektiv

Mövsümün geridə qalan hissəsini aktivindəki 9 xalla 9-cu pillədə tamamlayan “Rəvan”da işlərin qaydasında olmadığını demək artıqdır. Düzdür, baş məşqçi postuna Şahin Diniyevin gətirilməsi “sarı-qırmızılar”ın toparlanacağına ümid edənlərin sırasını genişləndirib. Amma əgər qış fasiləsində “uçan aslanlar” yeni transferlərlə güclənməsə, autsayder mövqeyini tərk etmək çətin olacaq.

“Sumqayıt”: Köhnə hamam, yeni tas

Premyer-Liqanın autsayderinin məqsədi əvəlcədən məlum idi: yerli gənc futbolçulardan kollektiv formalaşdırmaq və gənc oyunçuların oyun praktikasından əziyyət çəkməsinin qarşısını almaq. Belə vəziyyətdə komandadan ciddi uğur gözləməyə dəyməzdi. Mövsümün əvvəlində baş məşqçi postunda Bernhard Raabı Aqil Məmmədovla əvəzləyən “gənclik şəhəri”nin təmsilçisinin oyun planında isə əsaslı dəyişiklik olmadı. Odur ki, “Sumqayıt”ın turnir cədvəlinin “zirzəmi”sindən yaxa qurtarması inandırıcı deyil.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti