Klublarımız: kim harada hazırlaşır

Klublarımız: kim harada hazırlaşır
  07 Yanvar 2014    Oxunub:1466
Topaz Premyer Liqasının dekabrın 20-də başa çatan ikinci dövrəsinin ardından qış fasiləsində olan elita klublarından altısı artıq ölkə birinciliyinin qarşıdakı hissəsinin hazırlıqlarına başlayıb. “Neftçi”, “Bakı”, “Simurq” və “Sumqayıt” isə hazırlıq mərhələsinə start vermək ərəfəsindədir. Deməli, elita təmsilçilərinin qış fasiləsindəki hazırlıq planı ilə tanış olmağa dəyər.

“Qarabağ”: Qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanan Ağdam təmsilçisi mövsümün əvvəlində olduğu kimi, bu dəfə də hazırlıq prosesini Türkiyədə keçəcək. Plana əsasən “Qarabağ” sabah qardaş ölkəyə yola düşəcək və sonrakı 19 gün ərzində Antalyada məskunlaşacaq. Xatırladaq ki, Antalyanın Bələk bölgəsindəki “IC Hotel Santai”də məskunlaşacaq “köhlən atlar”ın bir mərhələdən ibarət olan hazırlıq mərhələsi çərçivəsində dörd yoxlama matçında qüvvəsini sınaması planlaşdırılsa da, Qurban Qurbanovun komandasının bütün rəqiblərinin adına hələ ki, aydınlıq gəlməyib. Belə ki, ağdamlıların yalnız Ruminiyanın "Dinamo Buxarest”, Ukraynanın "Volın” və Qazaxıstanın "Spartak" komandaları ilə qarşılaşacağı dəqiqdir.

“Qəbələ”: Hazırda turnir cədvəlində ikinci pillədə olan “qırmızı-qaralar”da hazırlıq mərhələsini Türkiyənin Antalya şəhərində keçən klublarımızdandır. Yanvar ayının 5-dən etibarən Türkiyədə olan və yanvar ayının 25-nə qədər Antalyada qalacaq şimal təmsilçisinin bu müddət ərzində 6 hazırlıq matçı keçirməsi gözlənilir. Bölgə təmsilçisinin yanvarın 10-da Türkiyənin "Maltepespor", ayın 13-də Qazaxıstanın “Tobol”, bundan üç gün sonra Türkiyənin “Konyaspor”, yanvarın 20-də Qazaxıstanın “Spartak”, yanvarın 22-də Rusiyanın “Volqa”, ayın 25-də isə Rusiyanın “Torpedo” komandasına rəqib olacağı dəqiqdir. Onu da xatırladaq ki, Yuri Syominin komandası qardaş ölkədəki hazırlıq dövründə Bələkdəki “Qloria Sereniti” otelində məskunlaşacaq.

“Neftçi”: Əksər elita təmsilçiləri kimi, “ağ-qaralar”da qış fasiləsindəki hazırlığı Türkiyənin Antalya şəhərində keçməyi planlaşdırır. Sabah paytaxtda bir araya gələcək kollektiv 4 günlük hazırlığın ardından ayın 12-də Türkiyəyə yollanacaq və yanvarın 27-nə qədər bu ölkədə hazırlıq keçəcək. Qeyd olunan müddət ərzində “Mardan Palace” otelində məskunlaşacaq “Neftçi”nin Qazaxıstanın “Aktobe”, Albaniyanın “ Partizani” və Türkiyənin “Fənərbaxça” komandası ilə yoldaşlıq matçları keçirəcəyi dəqiqdir. Bundan başqa, flaqmanın Avstriyanın "Admira Vakker”, Ukraynanın "Çernomorets" Almaniyanın "Karlsrue" və Türkiyənin "Karabükspor”komandaları ilə hazırlıq oyunları keçirməsi də ehtimallar arasındadır.

“İnter”: İki gün öncə Türkiyənin Antalya şəhərində bir araya gələn “bankirlər”in ayın 25-nə kimi burda hazırlıq keçməsi planlaşdırılır. Bu müddət ərzində 5 yoxlama matçı keçirməsi nəzərdə tutulan Kaxaber Tsxadadzenin komandasının Almaniyanın “Arminiya” və“Holştayn” kollektivlərindən başqa hansı komandalarla qarşılaşacağı isə hələlik məlum olmasa da, hazırlıq matçlarının yanvarın 11,15, 18, 22 və 25-də keçiriləcəyi dəqiqdir. Yeri gəlmişkən, onu da xatırladaq ki, həmişə “Su səsi” otelində məskunlaşan paytaxt təmsilçisi bu dəfə isə “Titanik” otelində qalacaq.

“Bakı”: Ölkə xaricində hazırlıq keçməsi dəqiqləşən elita klublarından yalnız paytaxtın eyniadlı komandası Türkiyəyə üz tutmayacaq. Yanvarın 11-də başlayacaq hazırlıq mərhələsini İspaniyada keçirəcək “zolaqlılar” ayın 27-nə kimi məhz bu ölkədə qalacaq. Bu müddət ərzində 4 hazırlıq oyunu keçirməyi planlaşdıran Milinka Pantiç yetirmələrinin İspaniya və Çin klubları ilə yoldaşlıq qarşılaşması keçirməsi gündəmdədir.

“Simurq”: Zaqatala təmsilçisi də hazırlıq mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.Yanvarın 8-dən etibarən hazırlıqlara start verəcək Georgi Çixradzenin “drujinası” ayın 26-na qədər qardaş ölkədə məşq toplanışı keçməyi planlaşdırır. Bu məddət ərzində Antalyananın Side bölgəsində yerləşən "Sueno" otelindən məskunlaşacaq “sarı-qaralar”ın dörd hazırlıq matçı keçirməsi nəzərdə tutulur. Daha sonra Azərbaycana qayıdacaq kollektiv hazırlığın qalan hissəsini isə doğma arenada davam etdirəcək.

AZAL: Paytaxt klubunun hazırlıq planına tam aydınlıq gəlməsə də, Vaqif Sadıqovun “drujinası”nın Bakıda hazırlıq keçəcəyi məlumdur. Yanvarın 3-də paytaxtda bir araya gələn və iki gün öncə tibbi müayinədən keçən “təyyarəçilər”in əcnəbi oyunçularının isə yanvarın 8-də komandaya qoşulması planlaşdırılır. Xatırladaq ki, AZAL-ın hazırlıq dönəmində elita və aşağı divizion klubları ilə hazırlıq matçları keçirməsi nəzərdə tutulub.

“Xəzər Lənkəran”: Mövsümöncəsi hazırlıq mərhələsini Almaniyada keçən cənub təmsilçisinin dövrələrarası hazırlıq dövründə Türkiyəyə yollanacağı gözlənilən idi. Baş məşqçi postuna türkiyəli Mustafa Dənizlini gətirən “ağ-yaşıllar”ın baş məşqçinin istəyi ilə qardaş ölkəyə yollanması məlumdur. Yanvar ayının 4-də Türkiyənin Antalya şəhərinə yola düşən “gəmiçilər” Bələk bölgəsinin “Ela Quality Resort” otelində məskunlaşmaqdadır. Xatırladaq ki, “Xəzər Lənkəran”ın hazırlıq mərhələsi çərçivəsində ilk hazırlıq matçını “Çaykur Rizəspor”a qarşı keçirəcəyi bəlli olsa da, ikinci kollektivin adına aydınlıq gəlməyib. Amma həmin komandanın da Türkiyə klubu olacağı məlumdur.

“Rəvan”: Paytaxt təmsilçisi də əksər elita klubları kimi ölkə xaricinə üz tutacaq. Bir az da konkretləşdirsək, “uçan aslanlar”ın qış fasiləsini Türkiyənin Antalya şəhərində keçirəcəyi bəllidir. Düzdür, haqqında danışdığımız hazlrlıq planını hazırlayan Şahin Diniyevin baş məşqçi postundan ayrılması komandanın planlarını qismən dəyişdi.
Artıq yanvarın 5-dən etibarən məşqlərə başlayan “Rəvan”ın hazırlığın ilkin mərhələsini “Dalğa Arena”da keçməsi planlaşdırılsa da, Güvənc Kurtarın komandanın hazırlıq planında dəyişiklik etməsinin ardından kollektivin “Bayıl Arena”da məşq edəcəyi məlum oldu. Hazırlıq mərhələsinin digər mərhələsinin planlarında isə yenilik yoxdur. Yanvar ayının 14-ə qədər “Bayıl Arena”da məşq edəcək bakılılar məhz həmin gün Türkiyəyə üz tutacaq. Yanvar ayının 26-na qədər qardaş ölkədə "Rixos Lares Hotel”də məskunlaşaraq hazırlıq keçəcək “Rəvan” Azərbaycana qayıtdıqdan sonra isə çempionatın startına qədər paytaxtda məşq edəcək. “Sarı-qırmızılar”ın Türkiyə toplanışı zamanı hansı komandalarla qarşılaşacağı dəqiqləşməsə də, komandanın dörd hazırlıq matçı keçirməyi planlaşdırdığı gələn xəbərlər arasındadır. Bundan başqa, komandanın ölkə daxilində “Sumqayıt” və “Araz Naxçıvan”la qarşılaşması planlaşdırılır. Xatırladaq ki, oyunlar müvafiq olaraq, yanvarın 10-u və 12-də keçiriləcək.

“Sumqayıt”: Topaz Premyer Liqasının ilk iki dövrəsinin ardından turnir cədvəlinin son pilləsində qərarlaşan “gənclik şəhəri”nin komandası ölkə xaricinə çıxmayacaq azsaylı klublarımız sırasındadır. Komanda bu gün Sumqayıtdakı bazada yığışacaq. Təlim-məşq toplanışını doğma bazasında keçəcək “kimyaçılar”ın qış fasiləsində 4 yoxlama görüşündə qüvvəsini sınaması nəzərdə tutulub ki, rəqiblərdən də üçünün adı məlumdur. Belə ki, Aqil Məmmədov yetirmələrini "Rəvan", "Araz Naxçıvan" və AZAL-la görüşlərdə sınamağı planlaşdırır. "Kimyaçılar" yanvarın 12-də "Rəvan"la qarşılaşacaq. Ayın 15-də 1-ci divizionun lideri "Araz Naxçıvan"la görüş nəzərdə tutulub. "Təyyarəçilər"lə qarşılaşma isə yanvarın 18-də keçiriləcək."Sumqayıt"ın yanvarın 20-də daha bir görüş baş tutacaq. Böyük ehtimalla həmin görüş 1-ci divizionda çıxış edən “Şahdağ”a qarşı olacaq.

Hakimlər də Türkiyəyə yollanır

Əksər klublarımız kimi, hakimlərimiz də qış fasiləsində Türkiyəyə yollanacaqlar. Premyer Liqa və I divizion oyunlarını idarə edən və 20-si əsas, 18-i köməkçi olmaqla, 38 hakimin qatılacağı qış toplanışı yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq. “Miracle” otelində məskunlaşacaq azərbaycanlı hakimlər əsasən xarici klubların matçlarında sınaqdan keçiriləcək.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti