“Təmirin qurtarmasına artıq az vaxt qalıb. Yanğın baş verən günün sabahından təmirə başlanılıb. Hər gün iş gedir axşam saat 9-10-a qədər. Təmir ticarət mərkəzinin müdiriyyəti tərəfindən aparılır. Sahibkarlardan təmir üçün pul yığılmayıb. Bu ayın sonuna qədər yəqin ki, təmir bitəcək. Çünki iş rejimi yaxşıdır, güclü iş gedir”.
Eyni zamanda sahibkarlar qeyd edib ki, əllərində malları olan şəxslər digər boş yerlərdə alver edirlər: “Təmir bitdikdən sonra kim harada alver edirdisə, həmin yerə də qayıdacaq. Əlində malı olan sahibkarlar digər boş yerlərdə işləyirlər. Malı olmayanlar isə təmirin bitməsini gözləyir. Çünki, yerləri yananların çoxunda satılacaq mal qalmamışdı. Həm də indi yanvar-fevral ayında alver olmur, ona görə də heç kimin malı yoxdur”.
Sahibkarlar əlavə ediblər ki, ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova demək olar ki, hər gün təmir gedən yerlərə baş çəkir, görülən işlərlə maraqlanır. Həmçinin bildirilib ki, K.Məmmədova mağazası yanan sahibkarlardan 6-7 ay yer pulu almamağı tapşırıb.
“O ki, qaldı yer pulunun yığılmasına. Obyektləri yanan şəxslərdən nə ticarət mərkəzinin müdiriyyəti, nə də sahibkarlara mağazanı kirayəyə verən şəxslər 6-7 ay yer pul almayacaqlar”-deyə qeyd edilib.
Sevinc İltifatqızı