AQTİ-nin laboratoriyası beynəlxalq akkreditasiyadan keçib
Bu dəfə İnstitutun Abşeron Regional Sınaq Laboratoriyasının akkreditasiya sahəsinə daxil olan metodlar üzrə qiymətləndirilməsi aparılaraq, milli akkreditasiyadan keçmişdir. Belə ki, laboratoriyanın İSO17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunluğu təmin edilmişdir.
Həmçinin cari ildə Latviyanın beynəlxalq akkreditasiya qurumu LATAK tərəfindən Abşeron Regional Sınaq Laboratoriyasının İSO17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunluğu qiymətləndirilmişdir. Qurumun qərarına əsasən, laboratoriyanın akkreditasiyası 17 metod üzrə - qida məhsullarının fiziki-kimyəvi və kimyəvi (süd məhsullarında nəmlik və quru qalığın təyini, alkoqolsuz içkilərdə benzoy və sorbin turşusunun təyini) və şərab məhsullarının fiziki-kimyəvi və toksikoloji sınaqları (sıxlıq və nisbi sıxlıq, etil spirtinin həcm payı, ümumi quru ekstrakt, reduksiyaedici maddələr, pH, ümumi turşuluq, uçucu turşular, sərbəst və ümumi kükürd, mis, qurğuşun, kadmium, sink, metanol, dəmir, benzoy və sorbin turşusu) 2021-ci ilin aprelin 15-dək artırılmışdır. Bununla da AQTİ-nin daha bir laboratoriyasının - Abşeron Regional Sınaq Laboratoriyasının milli və beynəlxalq akkreditasiyadan keçirilməsi müvəffəqiyyətlə başa çatmışdır.
Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və BIPEA arasında imzalanmış bir illik müqaviləyə əsasən, Abşeron Regional Sınaq Laboratoriyasında hər ay göndərilən şərab nümunələrinin sınaqları həyata keçirilir. Hər bir nümunədə azı 15 parametr üzrə beynəlxalq laboratoriyalararası qarşılaşdırılma qiymətləndirilir.
Hazırda Abşeron Regional Sınaq Laboratoriyasında qida məhsullarının fiziki-kimyəvi göstəricilərinin QOST sınaq metodlarının AOAC metodlarına keçirilməsi üzrə sınaqlar həyata keçirilir.
Azvision.az
Teqlər: AQTA