Azərbaycanda yeni müəssisə istifadəyə verilib - YENİLƏNİB

 Azərbaycanda yeni müəssisə istifadəyə verilib -  YENİLƏNİB
  05 İyun 2020    Oxunub:8678
İyunun 3-də Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi istifadəyə verilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunur. Bu baxımdan, həyata keçirilən işlər arasında Aqrar Sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması özündə mühüm amilləri və hədəfləri birləşdirir.



Son illərdə ölkədə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə beş rayonda, o cümlədən Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsi qurulub. Müəssisə 1 hektar ərazidə salınıb və burada inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular yaradılıb. Qalan ərazidə isə abadlıq və yaşıllaşdırma işləri görülüb.



Dövlətimizin başçısına məlumat verildi ki, müəssisənin emal gücü saatda 5 tondur. Quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır. Müəssisədə quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılacaq. Müəssisədə 25 nəfər işlə təmin olunacaq.





Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti