Vergi və sosial qanunvericilikdə nələr dəyişdi? - DETALLAR (VİDEO)
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri Azvision.az -a şərh edib.
Ə.Quliyev bildirib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər müvəqqəti vergi rejiminin tətbiqini və pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmaları nəzərdə tutur. Belə ki, qanun 1 yanvar 2020-ci il tarixdən etibarən tətbiq olunmağa başlayacaq və 1 il ərzində qüvvədə olacaq.
Qanunda müvəqqəti vergi rejiminin tətbiq edildiyi və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri dəqiq göstərilib. Bura əsasən, ictimai iaşə fəaliyyəti, sərnişin daşımaları sahəsi, mehmanxanalar və bu tipli obyektlərin fəaliyyəti, turoperatorlar, turagentlər, sifarişlər üzrə malların çatdırılması xidmətlərin göstərilməsi, tədris kursları, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, idman və sağlamlıq mərkəzləri, istirahət və əyləncə, kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətləri məhdudlaşdırılmış fəaliyyət sahələri daxildir.
Sadalanan sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə 1 il müddətinə əhəmiyyətli vergi güzəştlərinin verilməsi nəzərdə tutulub. Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad edilir, əldə etdikləri mənfəətin və ya gəlirin 75 faizi miqdarında vergi güzəştləri əldə edirlər. Digər vergi güzəştlərinə gəldikdə, idarə rəisi qeyd edib ki, pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.
Qeyd olunan güzəştlər 1 il müddətində tətbiq ediləcək. Bundan əlavə fərqlənmə nişanı almaqla sabit şəkildə vergi öhdəliyi yerinə yetirən daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə münasibətdə verginin bazasını təşkil edən məbləğ 50 faiz həcmində azaldılacaq. Pandemiyadan zərər çəkməyindən asılı olmayaraq, respublika üzrə fəaliyyət göstərən və 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri olan mikro sahibkarlar üçün vergi dərəcəsi 1 faizə endirilir.
Əvəz Quliyev vergi güzəştləri və azadolmaları ilə yanaşı, həmin kateqoriyadan olan vergi ödəyicilərinə münasibətdə hesabatların təqdim edilməsi və vergilərin ödənilməsi müddətlərinə vergi tətillərinin verilməsi barədə də məlumat verib. Zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergiləri ödəmə müddətləri 1 sentyabr 2020-ci il tarixə kimi uzadılır. Həmin müddətdə bu vergi ödəyicilərinə faizlər hesablanmayacaq. Eyni zamanda, mikro sahibkarlıq subyektləri 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına verməli olduqları sadələşdirilmiş vergi, eyni zamanda gəlir və əmlak vergisinin bəyannamələrinin verilmə müddəti 2020-ci ilin sentyabrın 1-ə kimi uzadılır və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilib.
Pandemiya dönəmində bir çox vergi ödəyiciləri öz təsərrüfat subyektlərində və ofislərində mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsini təmin ediblər və bununla bağlı müəyyən xərclər çəkiblər. Müvəqqəti vergi rejimi ilə bağlı qanuna gətirilən fəsildə qeyd edilib ki, həmin vergi ödəyicilərinin dezinfeksiya və profilaktik tədbirlər barədə sənədləşdirilmiş xərcləri məhdudlaşdırılmadan, birbaşa gəlirdən çıxılan xərclərə aid ediləcək.
Ə.Quliyev Vergi Məcəlləsi ilə yanaşı “Sosial sığorta haqqında” qanuna da dəyişiklikləri də şərh edib. O bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə bəzi fərdi sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü optimallaşdırılıb və azaldılıb. İdarə rəisi qeyd edib ki, ölkədə minimum əməkhaqqının məbləği artırılaraq 250 manat müəyyən edilib. Sosial sığorta haqları fərdi sahibkarlar tərəfindən minimum əməkaqqının faiz nisbətində hesablandığından və minimum əməkhaqqı da müxtəlif vaxtlarda artdığından sosial sığorta üzrə fərdi sahibkarların sığorta yükü artmış olurdu. Bu məqsədlə sosial sığorta üzrə qanunvericiliyə dəyişiklik olundu və 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 50 faizindən 25 faizə, digər sahələrdə isə 25 faizdən 15 faizə endirilib.
Eyni zamanda faiz dərəcələri Bakı şəhəri və regionlar üzrə differensiallaşdırılıb. Bunlarla yanaşı, fərdi peşə fəaliyyəti ilə məşğul olan, yəni öz vergi öhdəliklərini sabit qəbz almaqla yerinə yetirən şəxslərə münasibətdə sosial sığorta öhdəliklərinin də sabit qəbz almaqla yerinə yetirmələri ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla da həmin şəxslərin sosial sığorta üzrə öhdəlikləri azaldılıb. Nəticə etibarilə, sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri artıq vahid qəbz almaqla həm vergi öhdəliklərini, həm də sosial sığorta öhdəliklərini yerinə yetirmiş olurlar. Bununla da göstərilən fəaliyyət üzrə vergi orqanlarına vergi hesabatı və sosial sığorta hesabatı təqdim etmirlər.
Azvision.az