142 mindən çox vergi ödəyicisi yardım üçün müraciət edib

 142 mindən çox vergi ödəyicisi yardım üçün müraciət edib
  09 İyun 2020    Oxunub:2746
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 07 iyun tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 28.319 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 114.290 fərdi (mikro) sahibkar, cəmi 142.609 vergi ödəyicisi müraciət edib.
Dövlət Vergi Xidmətindən Azvision.az -a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 208.799 işçini əhatə edən 24.169 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,77 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,88 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23.584 vergi ödəyicisinə 203.121 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 87,71 mln. manat, o cümlədən, 2-ci ay üzrə (50%) 40,25 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 114.290 vergi ödəyicisindən müraciət daxil olub, 106.771 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,54 mln. manat təşkil edir. İyunun 7-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,83 mln. manat vəsaitin 101.698 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Azvision.az



Teqlər: Maliyyə  





Xəbər lenti