Azərbaycan "OPEC+" üzrə öhdəliyini 98%-dən çox yerinə yetirib

   Azərbaycan "OPEC+" üzrə öhdəliyini 98%-dən çox yerinə yetirib
  09 İyun 2020    Oxunub:2796
Azərbaycan mayda gündəlik 557,2 min barel xam neft hasil edib 2020-ci ilin may ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 650 min barel olub.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bunun 557,2 min barrelini xam neft, 92,8 min barelini isə kondensat təşkil edib. 557,2 min barel xam neftin 437,6 min bareli “Azəri-Çıraq- Günəşli”, 119,6 min bareli isə SOCAR üzrə hasil edilib.

Məlumata əsasən, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan mayda sutkada xam neft hasilatını 160,8 min barel azaldıb. Beləliklə Azərbaycan 164 min barel həcmində olan öhdəliyini mayda 98%-dən çox yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 434 min bareldə, SOCAR üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılmalıdır.

Qeyd edək ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Azvision.az


Teqlər: Gündəlik   Neft   Energetika  





Xəbər lenti