Yol Polisi hər şeyi `görəcək`
AzVision.az APA- ya istinadən xəbər verir ki, sistemi hazırlayan Türkiyənin «Ekin Technology» şirkətinin saytında məlumata görə, yanvarın 9-da təqdimatı keçirilmiş sistemin ilk müştərisi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləridir.
«Intelligent Patrol» sistemi vasitəsilə polis maşınları hərəkətli halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı qurulmuş nəqliyyat vasitələrini təsbit edə biləcək.
Bundan başqa, arxa və ön kamera ilə davamlı müşahidə aparan sistem bütün nəqliyyat vasitələrinin sürətini qeydə almaqla sürət həddini aşan avtomobilləri müəyyənləşdirir. Bu kameralar vasitəsilə mərkəzdən də real vaxt rejimində bütün prosesi müşahidə etmək mümkündür. Sistemə üz tanıma, havada çirklənməni ölçmə sensorları da daxildir.
Qeyd edək ki, Türkiyənin «Ekin Technology» şirkəti Bakıda «Təhlükəsiz Şəhər» sistemini, həmçinin Bakı Metropolitenində nəzarət sistemini qurub.