Kasparov Bakıya gəlmək istəyir

Kasparov Bakıya gəlmək istəyir
  16 Yanvar 2014    Oxunub:1537
Kasparov Bakıya gəlmək üçün müraciət etdi.
AzVision.az xəbər verir ki, Azərbaycanda anadan olmuş şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycana gələcək. Bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Modern.az saytına müsahibəsində bildirib.

“Harri Kasparov Bakıda keçiriləcək Olimpiadada iştirak etmək niyyətini bizə bildirib. Kasparov Azərbaycanın yetişdirməsidir. Ümumilli lider Heydər Əliyev ona lazımi köməklik edib. Harri heç vaxt bunu danmayıb”-deyə F.Həsənov bildirib.

Vitse-prezidentin sözlərinə görə, Olimpiadada 180-dən çox ölkənin şahmatçılarının iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 2016-cı il Şahmat Olimpiadası Bakıda keçirilməsi barədə qərar Beynəlxalq Şahmat Federasiyasının 2012-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub. Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub.

Ermənistan şahmatçıları Bakıya gəlmək barədə konkret qərar qəbul etməyiblər.

Harri Kasparov 1963-cü ildə Bakıda doğulub. Atası Kim Moiseyeviç Vaynşteyn milliyətcə yəhudi, anası Klara Şagenovna Kasparyan isə ermənidir. Babası Moisey Rubinoviç Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSRİ-nin tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub.

Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək, öz soyadını verib və soyadın sonluğundakı "yan" hissəciyini dəyişərək rus stilində "ov" yazdırıb.

Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanıb. Sovet ordusunun Bakıya müdaxiləsi ərəfəsində- 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edərək Moskvaya gedib. Daha sonra bəyanat yayaraq sovet ordusunun da Bakını tərk etməsini tələb edib.

Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" sədridir.


Teqlər:





Xəbər lenti