Azərbaycanda 106 əsgərdə xəstəlik tapıldı
Nazirliyin rəsmi cavabında qeyd edilib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Bu addımın atılması xidməti zərurətdən irəli gəlir.
“Diqqətinizə çatdırım ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir.
Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir.
Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.-deyə vurğulanıb.