Türk məşqçilər Azərbaycan futbolu ilə bacarmır –TƏHLİL

Türk məşqçilər Azərbaycan futbolu ilə bacarmır –TƏHLİL
  17 Yanvar 2014    Oxunub:2191
Ölkəmizə gətirilən 17 məşqçinin aktivində cəmi iki gümüş medal var

Ötən həftə daha bir əcnəbi mütəxəsisin Azərbaycanda çalışacağı dəqiqləşdi. Tovuzun “Turan” klubunun sabiq çalışdırıcısı Naci Şensoy demişkən, tanınmış maneken Naomi Kempbell alt paltarlarını dəyişdirmədiyi qədər məşqçi dəyişən “Rəvan” özünü aşağı dəstəyə düşməkdən qurtarmaq üçün türkiyəli Güvənc Kurtarla anlaşdı. Bununla da, indiyə qədər ölkəmizdə çalışan türkiyəli məşqçilərin sayı 17-yə çatdı.

Müxtəlif vaxtlarda ölkəmizdə fəaliyyət göstərən ukraynalılar Anatoli Demyanenko, Anatoli Konkov, Valentin Xadukin, Roman Pokora, İqor Nakoneçnı, makedoniyalı Qyoko Haciyevski və hazırda “İnter”də baş məşqçi postunu tutan gürcüstanlı Kaxaber Tsxadadzenin Azərbaycanda nisbətən uğurlu karyera qurduğunu demək olar. Amma nədənsə, ölkə klublarının baş məşqçi vəzifəsinə təyinat alan türkiyəli mütəxəsislər uğur qazanmaqda çətinlik çəkir. Bu yazıda da məhz Azərbaycanda çalışan türkiyəli məşqçilərin fəaliyyətinə nəzər salacağıq.

Rasim Kara

Vaxtilə “Beşiktaş”ı çalışdırmış və Türkiyə yığmasında Fatih Terimin köməkçisi olmuş Rasim Kara ölkəmizdə ilk olaraq, “Xəzər Lənkəran”la anlaşmışdı. 2004/2005-ci illər mövsümündə “ağ-yaşıllar”ın başına gətirilən Kara həmin il cənub klubu ilə gümüş medallara sahib çıxmaqla tarixə düşdü. Ardınca 2007/2008-ci illər mövsümünün dövrəlararası dövründə “Qarabağ”a təyinat alan türkiyəli çalışdırıcı sonrakı “futbol ili”ndə isə çempionatın startı ərəfəsində “köhlən atlar”ı “Xəzər Lənkəran”a dəyişsə də, heç nə ilə yadda qalmadı. Xatırladaq ki, “Xəzər Lənkəran”a ikinci gəlişində komandanın “sükanı arxası”nda 3 ay qalan Kara elə “Qarabağ”a evdə 1:3 hesablı məğlubiyyətdən sonra istefa verərək, ölkəmizi birdəfəlik tərk etdi. Yuxarıda da qeyd etdiyimiz kimi, Karanın ölkəmizdə uğuru “Xəzər Lənkəran”la debüt mövsümündə qazanılan gümüş medal oldu.

Cüneyt Biçər

Karyearsı ərzində baş məşqçi postunu ilk dəfə ölkəmizdə tutan Cüneyt Biçər buna qədər müxtəlif komandalarda aşağı yaş qrupları üzrə koordinator və köməkçi-məşqçi kimi çalışmışdı. 2009/2010-cu illər mövsümündə “Bakı”da yaş qrupları üzrə koordinator kimi fəaliyyətə başlayan Cüneyt Biçər daha sonra həmyerlisi Bülənt Qorxmazın istefa verməsinin ardından “zolaqlılar”ın baş məşqçisi postunu tutdu. Həmin mövsüm ölkə birinciliyinin gümüş medalını və ölkə kubokunu qazanmaqla yadda qaldı. Sözügedən mütəxəssisin Azərbaycandakı növbəti iş yeri isə “Xəzər Lənkəran” oldu. Bu kluba idman direktoru kimi dəvət olunan 38 yaşlı çalışdırıcı 2011-ci ilin dekabrında baş məşqçi postunda Mirça Redniki əvəzləsə də, uğursuz nəticələr səbəbindən “ağ-yaşıllar”da 2012-ci ilin martına kimi qala bildi.

Naci Şensoy

Azərbaycanda çalışan ilk legioner çalışdırıcı kimi tarixə düşən Naci Şensoy həm də ölkəmizdə 3 müxtəlif vaxtda bir komandanın “sükanı arxası”na keçən ilk əcnəbi olaraq tarixə düşüb. İlk olaraq 2002-ci ildə ölkəmizə gələn Şensoy həmin vaxt “İstanbulspor”da köməkçi məşqçi çalışdırdı. Ancaq “Turan”ın baş məşqçi postunda Nizami Sadıqovu əvəzləyən türkiyəli məşqçi debüt mövsümündə (2001/02) milli çempionatımızın yarımçıq dayandırılması üzündən ölkəmizdən ayrılmalı olmuşdu.

“Turan”a ikinci dəfə 2004-cü ildə gələn mütəxəssis yenə Sadıqovun yerinə təyin olunmuşdu. Bu dəfə Tovuz klubunda daha çox çalışan Şensoy qərb təmsilçisində il yarım işlədi. “Turan” onun rəhbərliyi altında 2004/05 mövsümündə uğurla çıxış etmişdi. Çempionluq uğrunda mübarizə aparan komanda sonda 4-cü oldu ki, bu da son 17 ildə ən yaxşı göstərici olaraq qalır.

Ancaq 2005/06 mövsümündə ilk dövrə bitəndən sonra “Turan”ın siyasətini dəyişdirməsi Şensoyun ikinci gedişinə səbəb olmuşdu. Türkiyəli mütəxəssis sonuncu dəfə isə “Turan”la 2010-cu ildə anlaşmışdı. Bu dəfə isə 2011-ci ilin mayına qədər postunda qalan 56 yaşlı məşqçi uğursuz nəticələr səbəbindən komandadan ayrılmaq məcburiyyətində qalmışdı.

Fuad Yaman

Vaxtilə “Beşiktaş”da çalışmış Fuad Yamanın “Karvan”a gəlişi gözlənilməz olmuşdu. 2006/07-ci illər mövsümündə bölgə təmsilçisində Yunis Hüseynovu əvəzləyən türkiyəli məşqçi Avrokubok matçında “Karvan”ın “sükanı arxası”nda qərarlaşmışdı. Ancaq “Karvan” Avropa arenasında çıxışını erkən dayandırdı. Ardınca ölkə çempionatında “Karvan”ı cəmi matça çıxaran Yaman gözlənilmədən istefa verdi.

Bülənt Qorxmaz

2009-cu ilin sentyabrında “Bakı”nın “sükanı arxası”na keçən Bülənt Qorxmaza ümidlər böyük olsa da, Türkiyə futbolunun canlı əfsanəsi “zolaqlılar”la uğur qazana bilmədi. Paytaxt klubunun baş məşqçi postunda cəmi 6 ay qalan keçmiş müdafiəçi komanda rəhbərliyi ilə fikir ayrılığı yaşadığından komandadan getdi.

Fatih Kavlak

2009/2010-cu illər mövsümündə Qarabağ`da fiziki hazırlıq üzrə məşqçi kimi çalışan və həmin mövsümün sonlarına doğru şəxsi istəyi ilə “köhlən atlar”dan ayrılan Fatih Kavlak 2010-cu ilin yayında “Qəbələ”də ingiltərəli Toni Adamsın köməkçisi kimi fəaliyyətə başladı. Bir müddət bu vəsifəni icra edən Kavlak 2011-ci ilin noyabrında isə “qırmızı-qaralar”ın baş məşqçisi postuna gətirildi. 2012-ci ilin sentyabr ayına qədər şimal klubunda baş məşqçi postunu tutan 40 yaşlı çalışdırıcı komandanı arzulanan hədəfə çatdıra bilmədiyindən vəzifəsindən ayrıldı.

* * *

Yuxarıda adını sadaladığımız türkiyəli məşqçilərdən başqa, Mustafa Yılmaz “Turan”da, Şenol Fidan “Xəzər Lənkəran”da, Mehmet Tayfun Türkmən “Gəmclərbirliyi”ndə, Mətin Dəmirkıran “Şuşa”da, İbrahim Uzunca “Lokomativ”də, Cavad Gülər isə “Rəvan”da qısamüddətli fəaliyyəti ilə yadda qalıb. Daha 3 türkiyəlinin Azərbaycandakı iş yeri əvəzedici komanda olub. İlhan Akgül və Ercan Kılıc “Xəzər Lənkəran”, Sebahettin Tekin isə “Qarabağ”da baş məşqçi olub.

Bundan əlavə,“Turan”da çalışmış Səlahətdin Dərvəndin fəaliyyəti hesaba alınmayıb. Buna səbəb onun rəsmən baş məşqçi kimi çalışmamasıdır. Belə ki, 004/05 mövsümündə baş məşqçi Naci Şensoy cəzalı olduğu üçün komandanı köməkçisi meydana çıxarıb. 2007/08 mövsümündə isə Dərvənd qeyri-rəsmi baş məşqçi olub. Onun adı heç matçın protokollarına da qeyd olunmayıb.

Hazırda ölkəmizdə çalışan türkiyəli məşqçilərə gəlincə, ötən ilin dekabrında “Xəzər Lənkəran”la anlaşan Mustafa Dənizlidən gözləntilər böyükdür. Düzdür,sözügedən komandada demək olar ki, həmişə "pul və nəticə" əks qrafik cızıb. Amma hər halda, üç İstanbul nəhəngi ilə çempionluq yaşayan yeganə mütəxəsis olan Dənizli “gəmiçilər”lə zirvələr fəth etmək iqtidarındadır.

Ötən həftə “Rəvan”la bir illik sözləşməyə qol çəkən Güvənc Kurtar haqqında isə eyni sözləri demək olmur. Karyerası ərzində “Rəvan”a qədər 18 klub çalışdıran 64 yaşlı mütəxəssisin məşqçi kimi ən böyük nailiyyəti 1992/93-cü illər mövsümündə "Kocaelispor"u Türkiyə dördüncüsü etməkdir. Həmin vaxt adıçəkilən komanda son turlara kimi çempionluq uğrunda mübarizə aparmış, lakin sonda 4-cü olmuşdu. Bu nəticə sayəsində kollektiv növbəti il Türkiyəni avrokuboklarda təmsil etmişdi. Amma əslində, Güvənc Kurtarın həmin uğuru cavanlıqda edilmiş təsadüfi qəhrəmanlığa oxşayır. Əks halda Kurtarın uğuru davamlı olardı, bir atımlıq barıt kimi yox.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti